ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Fars körfəzinin bir sıra ölkələri Vaşinqtonun Hörmüz boğazından sərbəst gəmiçiliyi təmin etməsi müqabilində ABŞ-yə investisiya yatırmağı öhdəsinə götürüblər.
“ABŞ beynəlxalq gəmiçiliyin qorunması üçün lazım olan hər şeyi etməyə davam edəcək. Lakin digər ölkələr də fəallıqlarını artırmalı və bu yükü bölüşməyə kömək etmək üçün ya resurs, ya da maliyyə ayırmalıdırlar. Bütün dünyanın gəmiçiliyini əbədi olaraq qorumaq ABŞ-nin işi deyil. Artıq bu cür bəzi investisiyalarla bağlı öhdəliklər götürülüb, gələcəkdə isə digərləri də belə öhdəliklər götürəcəklər”, – deyə o, jurnalistlərə bildirib.
ABŞ xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, region ölkələri “belə investisiyalar yatırmaq üçün gəlir əldə etmək imkanına malik olmalıdırlar və onların neft və qazı bazara çıxmasa, bunu edə bilməyəcəklər”.
Daha əvvəl bu həftə ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi təhlükəsiz gəmiçiliyin təmin edilməsi müqabilində daşınan yüklərin dəyərinin 20%-ni kompensasiya kimi alaraq Hörmüz boğazına nəzarət etmək istəyir. Daha sonra o, Truth Social-da bildirib ki, Vaşinqtona Hörmüz boğazından gəmilərin keçidinə görə kompensasiya ödənilməsi ideyasından Fars körfəzi ölkələri ilə ticarət və investisiya sazişlərinin xeyrinə imtina edib.







