BANKER.AZ/ Rubl özünə gəlir. Bu gün Moskva birjasında Rusiya rublu möhkəmlənərək son bir ayın maksimumuna qalxıb. Dollar/rub. cütlüyü 88 səviyyəsinə qədər azalma yaşayıb. Rusiyada səhmlər isə təxminən bir ay davam edən pauzadan sonra ticarətin bərpasından sonra dördüncü sessiyada müəyyən mövqe qazana bilib.
Fevralın 24-də Rusiyanın Ukraynada “xüsusi əməliyyat” adlandırdığı hərbi müdaxilənin başlamasından sonra Qərbin genişmiqyaslı “cəhənnəm” sanksiyalarının səbəbi ilə birjalarda ticarət dayandırılmışdı. Rusiya birja müəyyən məhdudiyyətlər olsa da tədricən işini bərpa edir.
Moskva birjasında (təxmin. Bakı vaxtı ilə 17:00) 1 ABŞ dolları 83.9686 rubl təşkil edib.
Bu da sessiya ərzində 5.7814 rubl, yaxud 6.44% azalma deməkdir.
Bu gün üçün Rusiya Mərkəzi Bankı rəsmi məzənnəni 93.7125 səviyyəsində müəyyən etmişdi.
Xarici strateqlər deyirlər ki, cari durumda Rusiya valyutasını iki güclü drayver – Rusiyanın qaz ixracı ödənişləri üçün rubla keçməsi (hələ ki, Qərb buna “yox” deyir) və ixracatçı firmalara xarici valyuta gəlirlərinin 80%-ni rubla çevirmək məcburiyyətində olması dəstəkləyir. Üsətlik, ölkədə birjalarda mübadilə əməliyyatlarına 30%-lik komissiya tətbiqi və qısa hesablar üzərindən ticarət qadağan edilib ki, bu da ölkə ərazində dollara tələbi azaldır. Bu da öz növbəsində Rus pulunun məzənnəsinə təzyiqi yumşaldır.
Bu gün isə Rusiya və Ukrayna nümayəndələri Türkiyədə görüşürdü və bundan sonrakı hərəkətlənmədə danışıqların rolu əhəmiyyətlidir. Məsələn, treyderlər bildirir ki, praktikada USD/RUB cütlüyündə maksimum nə zamansa qeydə alınıbsa, məzənnə həmin zirvəyə yenidən qayıdıb.
Dollarla ifadə edilən RTS indeksi 10.2% artaraq 907.1 bənd təşkil edib. Rubl əsaslı MOEX Rusiya indeksi 4.2% artaraq 2 533.6 bənd təşkil edib.