-1 C
Baku
Sunday, December 15, 2024

Rus xalqı Ukrayna müharibəsi ilə bağlı nə düşünür? – Təhlil

Türkiyənin Moskvadakı səfirliyinin sabiq mətbuat müşaviri Qazigil “Rusiyada xalqın əksəriyyətinin ukraynalılarla deyil, tarixdən gələn kodların da təsirilə ABŞ və NATO başda olmaqla Qərb ilə mübarizə apardığına inanıram”- deyə, fikir bildirib.

Moskvadakı vəzifəsini başa vuraraq Türkiyəyə yeni qayıdan Orxan Qazigil Rusiya-Ukrayna münasibətlərinin tarixi, rus xalqının Ukrayna ilə müharibəyə baxışı, Vladimir Putinin düşüncə dünyası və ölkədəki mövcud atmosferlə bağlı Türkiyə mətbuatının suallarını cavablandırıb.

Banker.az həmin müsahibəni təqdim edir:

Hazırda Rusiyada necə bir atmosfer hökm sürür?

Uzun müddətdir davam edən bir gərginlik havası var. Bildiyiniz kimi, 2014-cü ildə Ukraynada başlayan hadisələr, ardınca Rusiyanın Krımı ilhaqı, daha sonra Ukraynanın şərqində başlayan hadisələr… Bütün bunlar Rusiya cəmiyyətində Qərblə qarşıdurmanın və gərginliyin əsasını təşkil etdi. Deməli, artıq psixoloji hava var idi. İndi, əlbəttə ki, biz yeni dövrün başladığını görürük. Onların təbirincə desək, “yeni dünya düzəni”nin bərqərar olduğu və bu prosesi Rusiyanın işə saldığı barədə fikirlər var.

Ruslar bu müharibəni necə qarşıladı?

Ukraynada başlayan münaqişə və Qərbin tətbiq etdiyi sanksiyalar hazırda Rusiyada təəccüblə qarşılanır. Niyə? Çünki Ukraynanın başına nəsə gələcəyi aydın idi. Xüsusilə, Ukraynanın şərqinə müdaxilə gözlənilirdi. Amma belə böyük müharibənin olacağı gözlənilmirdi.

İndiki vaxt üçün rus xalqının böyük əksəriyyətinin bu müharibəni dəstəkləmədiyinə dair nəticə çıxarmaq mümkün deyil. Bununla belə, hamı həmfikirdir ki, sanksiyalar nəticəsində həyat dəyişəcək, inflyasiya artacaq və bəzi yeni şərtlər rusların həyatına təsir göstərməyə başlayacaq.

Sanksiyalara görə Qərbi günahlandırırlarmı? Panika ab-havası varmı?

Biz rus xalqının sosiopsixoloji əsaslarının yaxşı təhlil etməliyik. Bildiyiniz kimi, Sovet İttifaqı 1990-cı illərdə dağıldı. Bununla belə, unutmamalı olduğumuz bir şey var. Sovet İttifaq dağıldı, lakin sovet xalqı varlığını davam etdirdi. Sovet dövrünün yaratdığı zehin dünyası, o dünyanın şüuraltında baş verənlər indi də özünü qoruyub saxlayır. 70 il ərzində Qərb, NATO, ABŞ Sovet İttifaq üçün bütün pisliklərin mənbəyi olub. Bu təbliğatla böyüyən insanlar Rusiyada yaşamağa davam edirlər, heç yerə getməyiblər.

Putin insanlara “Biz əslində Ukrayna ilə deyil, Qərblə mübarizə aparırıq. Biz NATO, ABŞ ilə mübarizə aparırır” deyib. O, bunu deyəndə rus xalqı çox yaxş tanş olduğu bəzi simvolları yenidən xatırlayır. Bu simvollar rus xalqının şüuraltında çox güclü yer tutub. Ona görə də panika mühitinin olduğunu demək düzgün olmazdı. İndi xalq “Biz sanksiyalara məruz qaldıq”, “Bizi çox pis günlər gözləyir” ifadələrindən daha çox “Babalarımız, nənələrimiz İkinci Dünya Müharibəsində çox pis şəraitdə öz varlıqlarını qoruyub saxlayıblar. Lazım gələrsə, biz də yenə eyni yollardan keçərik. Ancaq biz təhqiri qəbul etmirik. Qərbin, NATO-nun bizi mühasiryə almağını qəbul etmərik” deyir.

Hamı belə düşünür?

Bu, cəmiyyətin bir hissəsinin fikridir. Müəyyən orta yaşdan yuxarı, müəyyən bir iqtisadi təbəqədən olan insanların baxışıdır. Həmçinin, Rusiyanın artıq Qərblə bu qədər sərt mübarizə aparmamalı olduğunu, daha demokratik üsulla idarə edilməli olduğunu, qonşuları ilə təhdid yönümlü deyil, daha çox əməkdaşlıq əlaqələrini inkişaf etdirməli olduğunu deyənlər də var. Bu seqment orta təbəqədən, təhsilli və gənc əhalidən ibarətdir. Bunlar Qərbə açıq, dünyaya açq, beynəlxalq hadisələri izləyən, təkcə Rusiya xəbər mənbələrindən deyil, müxtəlif informasiya mənbələrindən yararlanan, sosial median aktiv izləyən əhalidir. Birinci düşüncə tərzinin daha geniş yayıldığını deyə bilərik. Xalq arasında hərbi əməliyyatları dəstəkləyib-dəstəkləmədikləri ilə bağlı aparlan araşdırmanın nəticəsinə görə, xalqın 70%-dən çoxu hərbi əməliyyatları dəstəkləyir. Onsuz da Rusiyada küçə müsahibələrini izləyəndə, sosial mediaya və mətbuata nəzər salanda görürük ki, rus zehin dünyasında hərbi əməliyyatı qanuniləşdirən simvollardan istifadə olunur.

Bunlar hansı simvollardır?

Nasizmə, faşizmə, Qərbə qarşı mübarizə. Rusiyanı mühasirəyə almağa çalışan qüvvələrlə mübarizə. Xalq məsələyə “ukrayna ilə müharibəyə getmişik” kimi baxmır. Xalqa deyirlər ki, nasizmlə mübarizə aparırıq. Təlqin olunur ki, Ukraynada iqtidarı ələ keçirən nasistlər Ukrayna xalqını uzaqlaşdırmağa cəhd edirlər və biz bu cəhdlərlə mübarizə aparırıq.

Rusiyada xüsusilə İkinci Dünya Müharibəsi son dövrün ən böyük kultlarından biridir. İkinci Dünya Müharibəsində əzizini itirməyən ailə, demək olar ki, yoxdur. Rusiyada belə bir anlayış var idi: “Biz hər şeyə razıyıq. Təki yenə müharibə olmasın”. Bu gün müharibəni tənqid edənlər belə deyirlər” “Biz hər şeyə razıyıq, təki müharibə olmasın” deyirdiniz, amma indi dövlət müharibə elan edib. Buna nə deyəcəksiniz?”. Müharibəyə dəstək verənlər isə “Bu, müharibə deyil. Biz nasizmə, faşizmə və Qərbin bizi təhdid edən ekspansionizminə qarşı mübarizə aparırıq” deyirlər.

Ruslar özləri və tarixləri haqqında nə düşünürlər?

70 il davam edən Sovet quruluşunun iflasa uğraması, Qərblə rəqabət apara bilməməsi, daxili problemlərini həll edə bilməməsi və son nəticədə parçalanması rus xalqında böyük bir travma yaratdı. Ruslar dünyada böyük bir güc olmağa əhəmiyyət verirlər. Onlar ruslara və rus dövlətinə hörmət istəyirlər. 1991-ci ildə Sovet İttifaqı dağılanda rus xalqı buna inanırdı: “Biz öz ləyaqətimizi itirdik. Artıq bizə hörmət etmirlər”. Bu nüfuzun bərpa edilməsi artq milli məfkurəyə çevrilib.

Burada Putinin rolu nədir?

Yadınızdadırsa, Putin çıxışlarının birində “Sovet İttifaqının dağılması ötən əsrin ən böyük geosiyasi fəlakətidir” demişdi. 2007-ci ildə o, bunu daha da əsaslandırmaq üçün bir şey etdi. Münhen Təhlükəsizlik Konfransında “birqütblü dünya nizami bugünkü reallıqlara cavab verən bir nizam deyil. Biz bunu qəbul etmirik və bununla mübarizə aparmaq istəyirik” dedi. Putin bunu deyəndə hələlik Rusiyanın bunu edəcəyinə dair bir işarə yox idi. 2008-ci ildə Gürcüstanda başladılan əməliyyatda dünya gördü ki, Rusiya Putinin Münhendə dediyi xətt üzrə gedəcək. 2014-cü ildə Krımda oxşar hadisə baş verdi. Maraqlısı odur ki, Krım ilhaq ediləndə “krım konsensusu” adlı birlik yarandı. Krımn işğalı Rusiyada inanılmaz həyəcan yaratdı. Niyə? Çünki Rusiya “Yenə nüfuz qazanırıq” deyə düşündü.

Putin bu müharibələrlə rus xalqına nə vəd edir?

Putin xalqa böyüklük vəd edir. Böyüklük dedikdə prestij, güc, səlahiyyət nəzərdə tutulur. Rusiyanın ruhunu ən yaxş təhlil edən mütəfəkkirlərdən biri Nikolay Berdayev idi. Berdayevin çox maraqlı bir fikri var: “Rusiya dövləti tarixən o qədər geniş ərazilərə yayılıb ki, rus xalqı bu dövləti qorumaq üçün bütün enerjisini sərf etməli oldu. Ağır bürokratiya formalaşdı, hüquqlar tapdalanmağa başladı, bütün enerji fərdi hüquqlardan daha çox dövlətin müdafiəsinə yönəldi”.

Söhbət dünyanın çox böyük bir hissəsinə yayılmış dövlətdən gedir. Belə bir dövlətin içində yaşayan insanlar “İqtisadi vəziyyətimiz yoxsa dövlətimizin sağ qalması?”, “Bizim rifah içində yaşamağımız yoxsa heç kimin bizi təhdid etməməyi?” sualları qarşısında ikinci tərəfi seçirlər. Ruslar belə düşünürlər: “Mən dövlətimi qorumalıyam, bunun üçün çox güclü dövlət aparatı qurmalıyam. Lazım gələrsə, xarici düşmənləri, xarici təhlükələri aradan qaldırmalyam ki, dövlətimi qoruyum”.

Putinin düşüncə dünyasını qidalandıran ünsürlər hansılardır?

Putin Rusiyan yenidən ayağa qaldırmaq və yenidən dünya gücünə çevirmək üçün irəliləyərkən Sovet mirasına istinad edir. Sovetlər Rusiyann bəlkə də tarixdəki ən güclü halı idi. İkincisi, çarizm dövründə bolşevizmlə mübarizə apararkən Rusiyanı hansısa formada tərk etməli olmuş çoxlu mütəfəkkirlər var idi: Berdayev, İvan İlyin. Bir sıra Avrasiyaçı mütəfəkkirlər var. Amma indiki mənada yox, tarixi Avrasiyaçılar. Ondan sonra slavofillr indiki Rusiya dövlətinin ideoloji əsaslarını təşkil edirlər.

Bugünkü Rusiyanın ideoloji axtarışları hələ də davam edir. Ruslar özünəməxsus şəkildə ideoloji legitimlik axtararkən “Biz ənənəvi dəyərlərin müdafiəçiləriyik” deyirlər. Ona görə də bu yöndə fikir bildirən rus mütəfəkkirlərini Putin Rusiyasının ideoloqları kimi görmək olar. Burada Turhan Dilmaçın “Rusiyanın Ruhu” kitabını tövsiyə edirəm. Dostoyevski deyir ki, “Rusiyada bəzi insanlar yaşayır, bəli, amma bu insanların kim olduğunu heç kim bilmir, tanmır. Qərb bizi anladığını düşünür, amma heç vaxt başa düşmür. Çünki biz sirrik, biz müəmmayıq”. Ona görə də bu sirri anlamaq üçün Dilmaçın kitabının faydalı olacağını düşünürəm.

Rusiya xalqı Putində nə görür?

Bircins rus xalqından danışmaq mümkün deyil, rus xalqının daxilində hər cür təbəqə var. Əgər ictimaiyyətin “Rusiyanın ruhunu” təmsil etdiyinə inandığımız seqmentdən danışsaq, onlar Putinə baxanda Rusiyanın güc və prestij arzusunu həyata keçirməyə, güclü və nüfuzlu aktyor olmağa çalışan bir adam görürlər.

Digər tərəfdən, bu normal müharibə deyil. Sizcə, bu, qardaş döyüşüdür?

Bunun slavyan dünyası daxilində qardaş döyüşü olduğunu söyləmək olar. Çünki Rusiya ilə Ukrayna arasında dünyada nadir rast gəlinən qardaş, yaxın münasibəti var. Rusiyada insanların çoxunun ailə mənşəyi Ukraynadır. Hələ də görürük ki, onların Ukraynada qohumları var, onlarla gediş-gəlişləri var. Ona görə də Ukrayna ilə Rusiya arasında heç vaxt pozulmuş münasibət olmayıb. Ukraynanın müstəqilliyinə baxmayaraq, Rusiya ilə Ukrayna arasında heç bir qopma olmadığını görmüşük. Ona görə də uzunmüddətli perspektivdə bu müharibəni “slavyanlar arasında daxili mübarizə, daxili müharibə” kimi təyin etmək olar. Çünki hücumçular və müdafiəçilər son nəticədə demək olar ki, eyni dildə danışırlar. Eyni dinə, eyni mənşəyə mənsubdurlar və eyni tarixi istinadlara malikdirlər. Bu gün Rusiya dediyimiz şeyin mərkəzində Kiyev Rusiyası dayanır. Rusiya dövləti üçün ilk çıxış yeri Moskva deyil, Kiyevdir. Ona görə də ruslar “Ukrayna ayrıca dövlət ola bilməz” deyirlər. Digər tərəfdən, ukraynalılar “Bəli, tarixən çox yaxınıq, amma bu o demək deyil ki, biz eyni dövlətin altında olmalıyıq. Biz müstəqil şəkildə yolumuza davam edə bilərik” deyirlər.

Bu vəziyyət Rusiyadakı Ukrayna mənşəli insanlarda diskomfort yaradırmı?

Burada eyni simvollar meydana çıxır və “Ukrayna ilə vuruşsaydıq narahat olardıq, amma ukraynalılarla döyüşmürük. Biz Ukraynada çevrilişlə dövləti ələ keçirmiş nasistlərlə mübarizə aparırıq” deyirlər.

“Putin bu müharibəyə daxili siyasi narahatlıqlarla başlayıb” tənqidi doğrudurmu?

Burada bir az daha geniş baxmaq lazımdır. Belə bir müharibə indiki aktual gündəlik siyasi vəziyyətlərdən daha çox böyük geosiyasi hesablamanın məhsuludur. Yəni daxili siyasi kateqoriyalar baxımından düşünməkdənsə, Rusiyanın dünya sistemi daxilində nə etdiyini anlamaq lazımdır. Həmişə daxili siyasi hesablamalar ola bilər, amma belə böyük bir müharibə aparıb bütün dünyanı öz qarşına alanda, məsələn, daxildəki kasıblığı necə unutduracaqsan? Düşünürəm ki, bizim diqqətimiz Rusiyanın dünya sistemi ilə hesablaşmaq istəyində olmalıdır.

 

Son xəbərlər
Digər xəbərlər