Bakıda Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib.
Azərbaycan baş nazirinin birinci müavini, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın həmsədri Yaqub Eyyubov iclasda çıxış edib. O deyib ki, Azərbaycan ilə Rusiya arasında çox yaxın münasibətlər var. Azərbaycan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətləri lazımınca qiymətləndirir. Y. Eyyubov regionda həm qarşılıqlı iqtisadi münasibətlər, həm də təhlükəsizliyin təmin edilməsi məsələlərində Rusiyanın rolunu yüksək qiymənləndirib.
Baş nazirin birinci müavini ölkələrimiz arasında iqtisadi sahədə qarşılıqlı əlaqələri səciyyələndirən göstəricilərdən söhbət açaraq bildirib ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması üçün böyük potensial imkanlar var. Nümunə kimi maşınqayırma, gəmiqayırma, təyyarəqayırma, energetika, təbabət və humanitar sahələri göstərən baş nazirin birinci müavini qarşılıqlı investisiyaları xatırladaraq vurğulayıb: “Bizim çoxlu müştərək layihələrimiz var, gələcəkdə onların sayını daha da artırmaq lazımdır”.
Y. Eyyubovun sözlərinə görə, Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollar, Rusiya isə Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyub.
Yaqub Eyyubov Hökumətlərarası Komissiyanın rusiyalı həmsədri, RF Hökuməti sədrinin müavini Dmitri Roqozinin fəaliyyətini yüksək qiymətləndirərək xatırladıb ki, Rusiya baş nazirinin müavini Azərbaycanda istehsal edilmiş meyvə və tərəvəzlə dolu yük maşınlarının Azərbaycan-Rusiya sərhədində ləngidilməsi problemini çox operativ şəkildə və qısa müddətdə həll edib.
Dmitri Roqozin də Rusiyanın Azərbaycan ilə strateji tərəfdaşlığını yüksək qiymətləndirərək xatırladıb ki, Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri kimi qalır – 10,5 faiz ticarət dövriyyəsi ilə Türkiyə və İtaliyadan sonra üçüncü yeri tutur.
Azərbaycandan Rusiyaya göndərilən meyvə və tərəvəzin bundan sonra da fasiləsiz çatdırılacağına ümid etdiyini bildirən baş nazirin müavini deyib ki, Rusiya Azərbaycan məhsullarının keyfiyyətini həmişə layiqincə qiymətləndirir. Rusiyanın baş naziri azərbaycanlı həmkarını gələn il iyunun 1-3-də Rusiyanın şimal paytaxtında keçiriləcək 21-ci Peterburq İqtisadi Forumuna, habelə bu ilin payızından gələn ilin fevralına keçirilmiş Soçi İqtisadi Forumuna dəvət edib. Yaqub Eyyubov bu dəvəti məmnuniyyətlə qəbul edib.
Sonra Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclasının protokolu imzalanıb.