İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) 2025-ci ildə gəlirləri əvvəlki illə müqayisədə 47,3% artaraq 69,04 milyon manata çatıb. 2024-cü ildə Agentliyin gəlirləri 46,86 milyon manat olub.
Banker.az xəbər verir ki, gəlirlərin əsas hissəsini təşkil edən əsas əməliyyat gəlirləri 41,2% artaraq 63,81 milyon manata, sair əməliyyat gəlirləri isə 4,3 dəfə artaraq 4,43 milyon manata yüksəlib.
Agentliyin xərcləri isə ötən il 35% artaraq 80,1 milyon manat təşkil edib. Nəticədə İZİA-nın zərəri 11,05 milyon manat olub. 2024-cü ildə 12,46 milyon manat olan zərər beləliklə 11,3% azalıb.
İZİA-nın 2025-ci il üzrə fəaliyyətinə dair açıqladığı məlumatlara görə, Agentliyin idarəçiliyində olan sənaye zonalarında ötən il 4 milyard manata yaxın məhsul satılıb, bunun 1,2 milyard manatı ixracın payına düşüb. 2024-cü illə müqayisədə istehsal 21,1%, ixrac isə 13,4% artıb. Sənaye zonalarının ölkənin qeyri-neft sənayesi məhsulları istehsalında payı 19,1%, qeyri-neft ixracında payı isə 33,9% təşkil edib.
2025-ci ildə sənaye zonalarında 14 yeni müəssisə fəaliyyətə başlayıb. Bu layihələrə 136 milyon manat investisiya yatırılıb və 1 100 daimi iş yeri yaradılıb. Ümumilikdə isə sənaye zonalarında indiyədək investisiya portfeli 8,7 milyard manatdan çox olan 138 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, sahibkarlar tərəfindən 7 milyard manat investisiya yatırılıb və 9 700-dən çox daimi iş yeri yaradılıb.
Xarici investisiyaların da artdığı bildirilir. Belə ki, sənaye zonalarına 2025-ci ildə 87,9 milyon manat xarici investisiya cəlb olunub. Eyni zamanda, idxal ƏDV-si və gömrük güzəştləri hesabına sənaye zonalarının rezidentləri ötən il 42 milyon manatdan çox vəsaitə qənaət ediblər.







