Rusiya Hava Yolları Ukraynada müharibə başlayandan sonra öz ərazisində ilişib qalan 400-dən çox təyyarənin bir hissəsini almaq istəyir.
Dövlət vəsaiti hesabına həyata keçirəcəyi bu məsələ ilə bağlı artıq Qərbə məxsus bir təyyarə icarəsi şirkəti ilə danışıqlar aparılıb.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tətbiq olunan sanksiyalara görə Rusiya Hava Yolları tərəfindən icarəyə götürülmüş bir çox təyyarənin icarə müqavilələrinə xitam verilib. Bu təyyarələrdən 400-ü hələ də Rusiyadadır.
Avropa Parlamenti Rusiyanı bu təyyarələri oğurlamaqda ittiham edib və təyyarələrin geri qaytarılmasını tələb edib.
Rusiya isə bu problemin həlli üçün öz ərazisində ilişib qalan bu təyyarələri satın almağı təklif edib.
Avropa İttifaqı hələ ki bununla bağlı hər hansı fikir bildirməyib.
Rusiya müharibədən əvvəl təyyarə icarəsi şirkətləri üçün əhəmiyyətli bazar hesab olunurdu.
Müharibədən sonra icarəyə götürülən bu təyyarələr Rusiyadan çıxış edə bilməyib. Rusiya təyyarələrin uçuşuna icazə verməyib. Hətta Rusiya Hava Yolları bu təyyarələrdən bəzilərinin istifadəsinə davam edir, lakin ehtiyat hissələri ilə bağlı problemlər yaşanır.
Təyyarələri icarəyə götürən şirkətlər isə ödənişlərini almaq üçün sığorta şirkətlərini məhkəməyə veriblər.