Rusiyanın Ulyanovsk şəhərində azərbaycanlı ailəsinə hücum etmiş kollektor 8 il həbs cəzasına məhkum edilib.
Bu barədə “RİA Novosti”yə Ulyanovsk Şəhər Prokurorluğundan bildirilib.
“Məhkəmə Dmitri Yermilovu cəzasını ümumi rejimli koloniyada çəkməklə 8 il həbs cəzasına məhkum edib. Bundan başqa, o, xəsarət almış uşağa 1 mln. rubl, onun babasına isə 200 min rubl., evin sahibinə isə 50 min rubl məbləğində kompensasiya ödəyəcək”, – deyə məhkəmədən bildirilib.
Qeyd edək ki, yanvarın 27-də Rusiyanın Ulyanovsk vilayətində geniş ictimai rezonansa səbəb olmuş azərbaycanlının ailəsinə qarşı qəddar cinayət törədilib. Naməlum şəxs banka olan borca görə azərbaycanlı Hüseynovlar ailəsinin evinə “molotov kokteyli” atıb. Nəticədə, evdə olan iki yaşlı körpə Ruslan Hüseynov üz və çiyin nahiyəsindən ağır yanıq xəsarətləri alıb. İnsident nəticəsində uşağın babası İslam Hüseynov da 2-3 dərəcəli yanıq xəsarəti alıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən bank kollektoru 45 yaşlı Dmitri Yermilov saxlanılıb.
Onun barəsində “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxsin keçmiş polis əməkdaşı olduğu, 2008-ci ildən Daxili İşlər Nazirliyi orqanından oğurluğa görə xaric olunduğu bildirilib. Törətdiyi cinayətə görə Dmitri Yermilov o zaman üç il müddətinə həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, cinayət işinin istintaqı Rusiya İstintaq Komitəsinin rəisi Aleksandr Bastrıkinin şəxsi nəzarətinə götürülüb./apa