Rusiya Maliyyə Nazirliyi valyuta qanunvericiliyinin liberallaşdırılması üçün ixrac gəlirlərinin ölkəyə məcburi qaydada qaytarılması qərarını ləğv edərək, Mərkəzi Banka böhran durumlarında sərt valyuta məhdudiyyətlərinin tətbiqini təklif etməyi düşünür.
“Vedomosti” qəzetinə istinadən, bu barədə maliyyə naziri Anton Siluanovun baş nazir Dmitri Medvedyevə məruzəsində deyilir.
“Məhdudiyyətlər arasında valyuta alışına icazənin alınması, müxtəlif valyuta əməliyyatları üçün xüsusi hesabların açılması və bu hesablarda vəsaitlərin rezerv edilməsi tədbirləri var. Bu düzəlişlərin valyuta nəzarəti qanununa əlavə edilməsi də gözlənilir. Qeyd edək ki, hazırda rezidentlərlə qeyri-rezidentlər arasında valyuta əməliyyatlarının aparılması məhuddiyyətsiz həyata keçirilir”, – deyə qəzet bildirib.
Maliyyə naziri həmçinin qeyd edib ki, narahatlığa səbəb yoxdur. Bu düzəlişlər 2014-cü ilin acı təcrübəsini yaşamamaq üçün tətbiq ediləcək.
Avstriyanın “BKS” bankının baş iqtisadçısı Vladimir Tixomirov bildirib ki, valyuta məhdudiyyətlərinin tətbiqi gözlənilən ABŞ sanksiyaları ilə bağlı ola bilər. Belə ki, yeni sanksiyalarda Rusiya suveren borclarının daşınması, yəni Rusiya dövlət istiqrazlarına investisiyalar qadağan edilə bilər. Bu da istiqraz bazarında ciddi gərginliyə səbəb ola bilər. Çünki, son dövrdə qeyri-rezidentlər, xüsusilə də amerikalılar böyük həcmdə istiqraz alıblar. Onlar satışa başlasalar, Rusiyada dollara tələbat kəskin arta bilər.