5 C
Baku
Saturday, December 14, 2024

Rusiyadan Azərbaycana gətirilmiş 10000 kq toxumluq kartofda zərərli orqanizm aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Banker.az xəbər verir ki, tədbirlər çərçivəsində “Azərbaycan-Alman Dağ Toxumçuluğu” MMC tərəfindən Rusiya Federasiyasından (istehsalçı – “Samara-Solana” QSC) ölkəyə idxal edilmiş ümumi çəkisi 10000 kq toxumluq kartof məhsulu partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında idxal tələblərinə uyğun olaraq müayinələrə cəlb edilib. Aparılmış müayinələr nəticəsində məhsulda karantin tətbiq edilən orqanizm − kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. sepedonicus (Spieckermann et Kotthoff) Davis et al.) müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, ölkəyə idxal olunan ərzaqlıq kartof məhsulu partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilib, sirayətlənmiş məhsul partiyasının fitosanitar təhlükəsizlik qaydalarına əməl edilməklə emala göndərilməsi, ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

Məlumat üçün bildiririk ki, kartof yumrularında halqavari bakterial çürümə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası ərazisində aşkar edilməyən, karantin tətbiq edilən zərərli orqanizmlərin (A 1 qrupu) siyahısına daxil edilib.

Qeyd edilən xəstəlik rast gəlindiyi ölkələrdə təsərrüfatlarda 70%-ə qədər məhsul itkisinə səbəb olur. Tənzimləyici uzunmüddətli məhvetmə tədbirləri və çirklənmiş torpaqlarda sonrakı istehsalın məhdudlaşdırılması nəticəsində mühüm itkilər baş verir.

Son xəbərlər
Digər xəbərlər