15 C
Baku
Saturday, April 20, 2024

Səhmləri 3 il ərzində 42000% artan şirkət dünya nəhənginə çevrilmək istəyir

Heç kəsin tanımadığı, 2019-cu ildə cəmi 40 işçisi olan International Holding Company (IHC) iqtisadçıların təəccübünə səbəb olub. Səhm dəyəri 3 il ərzində 42.000% artan BƏƏ şirkəti Türkiyəyə də sərmayə qoymağa başlayıb.

Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Mərkəzi ofisi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən IHC balıqçılıq təsərrüfatları, qida və tikinti işləri ilə məşğul idi. 3 il öncə heç kimin tanımadığı bu şirkət, səhm dəyərinin 42.000% artması nəticəsində indi 240 milyard dollarlıq bir qrupa çevrilib. İndi şirkət texnologiya, səhiyyə, daşınmaz əmlak, tikinti, qida və kənd təsərrüfatı sahələrinə sərmayə qoyur.

İngiltərənin Financial Times qəzeti iqtisadçıları təəccübləndirən bu şirkəti 9 yanvar tarixli xəbərində “Yaxın Şərqin 240 milyard dollarlıq sirli şirkəti” başlığı ilə təqdim edib: ““3 il ərzində onlar Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Saudi Aramco-dan sonra Yaxın Şərqdə ikinci ən böyük şirkət oldular. Hətta 2019-cu ildə şirkətin baş icraçı direktoru vəzifəsinə təyin edilmiş Seyid Basar Şueb də bunu “təəccüblü” hesab etdiyini deyir”.

Şueb artımın sadə izahının olduğunu deyir və misal olaraq Royal Group-a məxsus 40 şirkətin birləşməsini göstərir. IHC-nin aktivləri 2018-ci ildə 215 milyon dollar olub, 2022-ci ilin üçüncü rübündə 54 milyard dollara yüksəlib. Şirkətdən verilən məlumata görə, artıma səbəb onların biznesinin böyüməsidir. Dividend paylamadıqlarını bildirən Şueb, 2020 və 2021-ci illərin mənfəətlərinin investisiyalarda istifadə olunduğunu açıqlayıb.

Şueb “Biz dünya nəhəngi yaratmağa çalışırıq” desə də, bəziləri IHC-nin Əbu-Dabidəki iş dünyası və idarəetmə arasındakı qaranlıq münasibətlərin nümunəsi olduğunu düşünür. Şirkətin rəhbəri Abu Dabinin ən güclü simalarından biri olan Şeyx Tahnoon bin Zayed en-Nehyandır. Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri An-Nahyan həm də BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nahyanın doğma qardaşıdır.

İngiltərənin Financial Times qəzeti iddia edir ki, IHC Asiya və Latın Amerikası, xüsusilə Türkiyə və İndoneziya bazarları ilə maraqlanır. Şirkətin baş direktoru Şuebin 2021-ci ilin avqust ayında verdiyi açıqlama FT-nin iddiasını təsdiqləyir. Belə ki, 2021-ci ilin avqust ayının üçüncü həftəsində şirkətin bir nümayəndə heyəti Türkiyəyə səfər etmişdi. Həmin vaxt Şueb Türkiyədə səhiyyə, sənaye və qida emalı sektorlarındakı imkanları araşdırdıqlarını açıqlamışdı. Bir il sonra, 2022-ci ilin avqustunda IHC, Kalyon Energy-nin 50%-ini 490 milyon dollara satın aldı.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər