25 C
Baku
Wednesday, May 29, 2024

Sərnişin daşımalarda “AZAL”ın payı azalır “Buta Airways”in artır: Rəqəmlər

Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 2019-cu ilin birinci yarısında 2,4 milyon nəfər təşkil etmişdir. Bunun da 2 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşmüşdür ki, bu da ötən ilin analoji göstəricisindən 73 min sərnişin çoxdur.

Bu barədə Banker.az-a AZAL-dan məlumat daxil olub.

Naxçıvan aeroportu 284 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 70 minlik sərnişin axını ilə üçüncü olub.

Göstərilən müddət ərzində baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” müvafiq olaraq 853 min və 234 min sərnişin daşımışdır. Ümumilikdə isə, bu ötən ilin göstəricisindən 57 min nəfər çoxdur.

Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,76 milyon təşkil etmişdir ki, bunun da 32,8 faizi AZAL-ın, 13,2 faizi “Buta Airways”in payına düşmüşdür.Ümumilikdə iki milli avia şirkətin payı bazarda payı 45% təşkil edib. Qeyd edək ki, bu ötən ilin yanvar-aprel aylarında hər iki avia şirkətin ümumi sərnişindaşımalarda payı 43% təşkil edirdi. Belə ki, 2018-ci ilin yanvar-aprel aylarında sərnişinlərin ümumi sayının 30 faizi AZAL-ın, 13 faizi isə “Buta Airways”in payına düşmüşdü. Göründüyü kimi “Buta Airways”dən istifadəyə maraq daha çox artmaqdadır.

Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54 faiz təşkil etmişdir.

Hazırda 31 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. İyun ayı ərzində populyar aviaşirkətlərin beşliyinə AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “Aeroflot” və “FlyDubai” daxil olmuşdurlar.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər