Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşlarının müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Bu barədə Banker.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.
Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək.
Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə – təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.
Oktyabr çağırışçıları müddətli həqiqi hərbi xidmətə Azərbaycan əsgəri olmaq kimi şərəfli bir missiyanı yerinə yetirəcəkləri üçün qürur hissi ilə yola düşürlər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayır!