8 C
Baku
Tuesday, March 19, 2024

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlandı

Səhiyyə Nazirliyinin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb. Hesablama Palatasının yaydığı audit hesabatı 2016-2017-ci illərdəki dövrü əhatə edir.

Banker.az xəbər verir ki, hesabata əsasən, tibbi avadanlıqların alınıb quraşdırılması üçün aparılmış satınalma proseduru zamanı qanunvericiliyə əməl olunmayaraq, müqaviləyə əlavə edilmiş qiymət cədvəlində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi obyekti üzrə 12 halda, Sabirabad Mərkəzi Xəstəxanasının tikintisi obyekti üzrə yeddi halda, Quba Mərkəzi Rayon Xəstəxanasının tikintisi obyekti üzrə səkkiz halda və Masallı Rayon Mərkəzi Rayon Xəstəxanasının tikintisi obyekti üzrə doqquz halda tibbi avadanlıqların texniki göstəriciləri tenderin qiymət təklifi cədvəlində əks olunmayıb.

Sabirabad, Qazax və Quba rayon Mərkəzi Xəstəxanalarının tikintisi obyektləri (geoloji-mühəndisi və layihə-smeta sənədlərinin hazırlanması işləri) üzrə keçirilmiş təkliflər sorğusunun “Tender nəticələri haqqında tender komissiyasının yekun protokolu”nda “iddiaçının ixtisas uyğunluğunu müəyyənləşdirən meyarlar” bəndində iddiaçının layihə-smeta sənədlərinin hazırlanması işləri üzrə deyil, iddiaçının təmir işlərini aparma təcrübəsi beş balla qiymətləndirilməyib.

Açıq tender üsulu ilə satınalma prosedurlarının keçirilməsi üçün kifayət qədər vaxt olduğu halda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vaxt çatışmazlığı əsas göstərilməklə, verilən razılığa istinad edilərək “Təkliflər sorğusu” və ya “Bir mənbədən satınalma” metodu tətbiq edilməklə, beş obyektin tikintisi üzrə 3-10 ay müddət keçdikdən sonra ümumilikdə 37994,4 min manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Satınalma proseduru keçirilmədən 14.04.2017-ci ildə bir halda 2906,4 min manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Tender əsas şərtlər toplusunda nəzərdə tutulsa da, açıq tender üsulu ilə həyata keçirilmiş satınalmalar üzrə bağlanılmış satınalma müqavilələrində xüsusi şərtlər müəyyən edilməyib.

2016-cı ildə həyata keçirilmiş satınalmalar zamanı qalib elan edilmiş müəssisələrlə bağlanmış bütün satınalma müqavilələrinin, 04.05.2017-ci il tarixində bağlanmış satınalma müqavilələrinin nəticələri barədə məlumat tender haqqında elanın verildiyi mətbuat orqanında və rəsmi internet saytında yerləşdirilməyib.

2016-cı ildə keçirilmiş kotirovka sorğuları zamanı ehtimal olunan məbləğin mövcud qaydalarda müəyyən edilmiş məbləğdən yuxarı olmasına baxmayaraq, kotirovka sorğularının keçirilməsi barədə elan mətbuat orqanında və rəsmi internet saytında verilməyib.

Son xəbərlər
Digər xəbərlər