Səudiyyə Ərəbistanı Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrlə əldə edilən və bu ilin birinci yarısını nəzərdə tutan neft hasilatının azaldılması üzrə sazişin ilin sonunadək uzadılmasının tərəfdarıdır.
Bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Kuala Lumpurda keçirilən Asiya Neft və Qaz Konfransı zamanı deyib. O, yaxın zamanda qlobal neft bazarında tarazlığın yenidən bərpa olunacağına və stabil vəziyyətin yaranacağına əmin olduğunu bildirib.
“İştirakçı ölkələrlə apardığımız məsləhətləşmələr nəticəsində sazişin bu ilin ikinci yarısına, hətta daha da uzun müddətə uzadılacağına əminəm. İstehsalçı koalisiya hasilat səviyyəsinin son beş ilin ortalamasına çatdırılması üçün nə lazımdırsa edəcək”, – deyə nazir əlavə edib.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaq barədə razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi bu ilin ötən dörd ayında tam yerinə yetirib.
Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.