Səudiyyə hökuməti tərəfindən maliyyələşdirilən Kral Salman adına Humanitar Yardım və Əməliyyatlar Mərkəzi ((King Salman Humanitarian Aid and Relief Centre, KSrelief) Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) əlavə 40 milyon dollar ayıracaq.
Bu barədə mərkəzin saytında dərc olunan məlumatda deyilir.
Martın 20-də mərkəzin baş müfəttişi Abdullah bin Əbdüləziz əl-Rabia və agentliyin baş komissarı Filip Lazzarini Qəzza zolağının sakinlərinə kömək üçün əlavə maliyyə vəsaitinin ayrılması üçün memorandum imzalayıblar. Açıqlamada qeyd edilir ki, ayrılan vəsaitlə alınan humanitar yardımdan 250 mindən çox insan yararlana biləcək. Pulun bir hissəsi 20 mindən çox ailə üçün müvəqqəti yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulub.
Xatırladaq ki, yanvarın sonunda bir neçə ölkə, o cümlədən Böyük Britaniya, Almaniya və ABŞ Fələstinin HƏMAS radikal hərəkatı ilə əlaqədə şübhələrə görə UNRWA-ya maliyyənin ayrılmasını dayandırdığını elan edib. UNRWA-nın baş komissarı 2023-cü ilin payızında HƏMAS-ın İsrailə hücumunda əli ola biləcək bir neçə əməkdaşın işdən çıxarılmasına göstəriş verib.