“The Telegraph” xəbər verir ki, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları dünyanın ən varlı adamlarından biri olan şahzadə Əl-Valid bin Təlaldan əsirlikdən azad olunması üçün 6 milyard dollar ödəməsini tələb edir.
Hazırda şahzadə bin Təlal onlarca başqa zəngin səudiyyəli kimi Riyadın bahalı otellərindən birində saxlanır.
Buradakı zəngin səudiyyəlilərə sərvətlərini təhvil verib azad olmaq tələb edilir.
Bin Təlal və başqaları Səudiyyədə vəliəhd şahzadə Məhəmməd bin Salmanın antikorrupsiya əməliyyatı zamanı həbs ediliblər.
Bütün dünyanın 57-ci zəngin adamı sayılan Bin Təlal ötən ay həbs edilib və paytaxtın dəbdəbəli Ritz Carlton otelində saxlanır.
Səudiyyədən alınan xəbərlərdən başa düşmək olar ki, bahalı mehmanxananın dustaqlarından bir çoxu, necə deyərlər, yığdıqları sərvəti qaytararaq azadlığa çıxıblar. Lakin əl-Validdən tələb edilən pulun məbləği həqiqətən də ağırdır. Ondan 6 milyon dollar ödəməsi tələb olunur.
Şahzadə əl-Validə qarşı reket, rüşvət və çirkli pulların yayılması kimi ittihamlar irəli sürülüb.
Bəzi məlumatlara görə, Əl-Validin sərvəti 18 milyard dollar təşkil edir. Onun Citi Bank, Disney, Twitter və Londonun Savoy otelində böyük mülkiyyət payı var.
Səudiyyədən gələn xəbərlərdən məlum olur ki, Əl-Valid ondan tələb edilən məbləği verməkdən imtina edib. O bildirib ki, bu qədər pulu təhvil versə, demək ki, ona qarşı irəli sürülən ittihamları təsdiq etmiş olur.
Bundan başqa 6 milyard dollardan məhrum olması şahzadə əl-Validin bütün ömrünü həsr etdiyi biznes imperiyasını çökdürə bilər.
Şahzadəyə yaxın mənbə “The Wall Street Journal” qəzetinə bildirib ki, əl-Valid ona qarşı ittihamların qanun üzrə araşdırılmasını istəyir.
Ötən ay mərhum kral Abdullahın oğlu şahzadə Mutayib bin Abdullah azad edilməsi üçün 1 milyard dollar ödəməli olub.
Son məlumatlara görə, Səudiyyədəki antikorrupsiya həbsləri zamanı 320 nəfər saxlanıb.
Ötən ay “New York Times” qəzetinə müsahibə verən Məhəmməd bin Salman demişdi ki, 1980-ci ildən bəri hər il büdcənin 10 faizi korrupsiyaya görə itirilmiş olur.
Bu da xəbər verilir ki, həbs edilənlərin 95 faizi artıq onlardan tələb edilən pulu verib azad olunublar, lakin həbs edilənlərdən azı bir faizi təqsirsizliyini sübuta yetirə bilər.