Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni vəzifəyə götürülüb.
Banker.az bildirir ki, bu barədə Modern.az məlumat yayıb.
Məlumata görə, Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunub. Nazirin yaxınları sayta bildirib ki, eks-nazirin Bakıdan kənarda olması və səhhətində problemlərin yaranması barədə məlumatlar əsassızdır.
“Ölkədən kənara çıxması barədə deyilənlər yalandır. Səlim Müslümov hazırda elmi işlə məşğuldur. Bu yaxınlarda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyinat alıb. O, əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində də çalışıb. Həmçinin, Səlim müəllimin xarici ölkələrdə də pedaqoji təcrübəsi olub. Rus və ingilis dillərində sərbəst danışa və dərs deyə bilir”.
Milli Aviasiya Akademiyasından S. Müslümovun Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində işlədiyini təsdiqlədilər.
Qeyd edək ki, S.Müslümov iqtisad elmləri doktoru, professordur.
Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.