7 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Sahibkar şirkətini qorumalıdır… Özündən və ətrafından

Fəxri Ağayev yazır…

Belə bir vəziyyət düşünün – böyük bir şirkət sahibinin klinikada qaraciyəri əməliyyat ediləcək.

• O, həkimlərə şərt qoyur – üç saatlıq əməliyyatı 15 dəqiqədə bitirmək lazımdır;

• Mütləq hər dəqiqə etdiyi işlər haqqında məlumat verməlidir; 

• Bununla bərabər, əməliyyat zamanı heç bir ağrı olmamalıdır; 

• Əməliyyat keçirilən zaman bu insan həkimə tövsiyələr edəcək və sonuna qədər dinləmədən həkimin bütün məntiqli fikirlərinə güləcək və “indiyə qədər belə deyildi” deyəcək;

• Öz qohumlarının əməliyyat zamanı xidmət edəcək personal olaraq işə alınmasını tələb edəcək – misal üçün, narkozu onun sinif yoldaşı verəcək. Bu insan həm də onun yerlisidir. Narkozun ona verilməsinin səbəbi isə odur ki, o, yaxşı oğlandır və ona şəxsi etibar var;

• Əməliyyatdan sonra kəsilən yerləri sahibkarın qardaşı tikməlidir, çünki onun qardaşı ona zərər verə bilməz. Onun tikiş qaydalarını bilməməsi o qədər də vacib deyil. Əsas odur ki, “niyyəti təmizdir”;

• Əməliyyatın başlamasından be dəqiqə sonra o, həkimə əməliyyatın gedişatı haqqında sual verəcək, və sonuna qədər dinləmədən hər şeyin gözlənildiyi kimi getmədiyini deyərək narazılıq edəcək;

• Həkimə əməliyyat əsnasında kömək edən “öz” adamlarının məsləhətinə görə, o, əməliyyatda olan işlərin ardıcıllığında dəyişikliklər edəcək;

• Bütün bu zaman ərzində həkim etibarlı “yaxşı oğlanlara”  istiqamət verməlidir, əməliyyat olunan insanın suallarına cavab verməlidir, qeyri-peşəkarlar, amma yaxşı oğlanların işlərini təkrar kontrol etməlidir, və bütün bunları edərkən həm də soyuqqanlı olmalı və əsəbiləşməməlidir;

• Hər 5-10 dəqiqədə bir xala oğlu, bibi qızının həyat yoldaşı, əsgərlik dostu, yerlilər həkimələrə tələ quracaq, alətlərini gizlədəcək, diqqətini yayındırmaq üçün ğz aralarında söhbət edəcəklər;

• Ən əsası isə odur ki, bütün bunlarla bərabər, həkim əməliyyatı bitirərək yaxşı nəticə əldə etməlidir. Axı o, peşəkardır. Və ona o qədər pul verilir;

• Digər maraqlı məqam odur ki, əməliyyatla əlaqəli problemlər olsa, təbii nəticə “həkim pisdir” olacaq. Hər şey qaydasında olsa, bunun səbəbi əməliyyat olunan insanın tövsiyələri və ətrafında etibar etdiyi insanların mövcudluğu olacaq.

Bu gün Azərbaycanda böyük firmalarda baş verənlər yuxarıda qeyd edilən əməliyyatdakı kimidir. 

Korporativ idarə etmək standartları. Sistemin işləməsi. ISO standartları. Mütəxəssislərin və peşəkarların işə cəlb olunması və motivasiya edilməsi üzrə müasir sistemlər. KPİ sistemi. Qulağımıza xoş gələn gözəl sözlər.  

Bütün bu gözəl terminlərin arxasında bilik, təcrübə, anormal və durmadan davam edən zəhmət durur. Bunlardan öncə isə dağlar böyüklüyündə işlər; yazılan, silinən, düzəldilən və təkrar yazılan standartlar, biznes prosedur və proseslər gəlir. Bu işlərin icra edilməsində isə ən əsası odur ki, böyük səbr, hərəkətlərin dəqiq ardıcıllığı, biznesin gələcəyinin görülməsi, reformatorlar komandası və psixoloji güc lazımdır.

Hər bir şirkətin həyatında elə bir an gəlir ki, şirkət sahibi artıq reformların keçirilməsinin zəruriliyini anlayır. Reformların səbəbləri müxtəlif ola bilər : iqtisadiyyatda baş verən qısa müddətli oynamalar, ümumi bazar vəziyyətinin və makroiqtisadi göstəricilərin dəyişməsi, böhran, rəqabətin güclənməsi, ən müasir texnologiyaların tətbiq edilməsi, bazara yeni oyunçuların daxil olması, yeni məhsul növlərinin bazara girməsi.

Məhz bu hallarda şirkət rəhbərliyi anlayır ki, öncəki kimi qeyri-effektiv idarəetmə artıq nəticə vermir; öncəki komanda var gücü ilə işləsə belə, artıq məhsuldar deyil; rəqiblər artıq firmaya çatır və ötürlər belə; anidən müştəri məmnunluğunun ölçülməsi məsələsi meydana çıxır və müştərilər rəqiblərə keçirlər.

Və işə müasir bilikləri olan peşəkarlar cəlb edilir. Bütün şərtlər öncədən danışlır, böyük bir həvəslə iş başlayır, şirkətdə reformlar və dəyişikliklər planı hazırlanır… Burada da ən yüksək səviyyədə problemlər başlayır.

Şirkətə idarəçi olaraq cəlb edilən üst idarəçi yuxarıda qeyd edilən əməliyyatdakı vəziyyətlə qarşılaşır.

Bu mərhələdə həlledici məqam odur ki, şirkət sahibi öz şirkəti üçün və onun uğrunda öz nəfsi, əziz qohumları və yerliləri ilə mübarizə apara bilsin. Belə bir məsələdən vacib bir nəticə çıxarmaq olar: şirkətin müəyyən bir mərhələsində şirkətin sahibi öz şirkətini… özündən və ətrafından qorumağı bacarmalıdır.

Bu mərhələ ancaq Azərbaycana və ölkəmizdə olan biznesə aid deyil. Bu mərhələni bütün qərb biznesi keçib. Bu vəziyyətlərlə qərb biznesinin “WallMart” və “Starbucks” kimi məşhur nəhəng firmaları qarşılaşıblar.

“WallMart” hipermarketlər şəbəkəsinin qurucusu Sam Walton öz kitabında bunları yazır:

“Digər şirkətlərin etdiyi səhvi etməyi düşünmürdüm – onlar hesab edirdilər ki, mağazada işlərin doğru gedişatını ancaq onun sahibləri bilirlər. İşə başladıqdan sonra ideyalarının icra edilməsinin qarşısı alınacaqsa, mükəmməl fikirləri olan istedadlı menecerlərin axtarılmasına niyə bu qədər zaman xərclənsin ki?”

Altı kofe satan mağazası və 100-ə yaxın əməkdaşları olan yerli bir şirkətdən “Starbucks”ı 19.000 kofe evi və 140.000 əməkdaşı olan bir beynəlxalq şəbəkəyə çevirən olan Howard Schultz şirktin qurulma tarixi haqqındakı kitabında şirkətdə reformların və dəyişiklilərin keçirilməsi haqqında bunları yazır:

“Məndən bir sıra sahələrdə daha ağıllı və peşəkar insanların işə alınması və onlara müəyyən səlahiyyətlərin verilməsi əhəmiyyətini tez anladım. Bu o qədər çətindir ki, bunu sözlərlə ifadə etmək mümkün deyil. Ancaq əgər siz öz prinsiplərinizi ətrafda olan insanlara tam çatdıra bilmisinizsə, onlar doğru qərarlar alacaqlar. Digər mərhələyə keçidlə əlaqədar təzyiq, həyəcan, qorxulara dözəcək qədər güclü və dözümlü bünövrə hazırlamalısınız”.

Təcrübəm göstərir ki, istəyin və niyyətin yaxşı olması vacibdir, amma bu kifayət deyildir. Bilik, savad və təcrübə vacibdir. Arıtq biznesimizdə bilik və elmi idarəçilik dövrüdür. Oxu.az

Son xəbərlər
Oxşar xəbərlər
X