Sahibkarlar necə “Asan İmza” əldə edib, bankda onlayn hesab aça bilərlər: Bu neçəyə başa gələcək?

Xəbər verdiyimiz kimi, artıq sahibkarlar “Asan İmza” ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər. İlk olaraq PAŞA Bankda hüquqi şəxslər üçün yeni bir xidmət – onlayn rejimdə hesab açmaq imkanı yeni müştərilərin istifadəsinə verilmişdir. Daha sonra isə “Unibank” sahibkarlara onlayn hesab xidmətini istifadəyə vermişdir. Belə bir imkandan faydalanmaq üçün hüquqi şəxs və ya fərdi sahibkar ilk növbədə “Asan İmza” sertifikatına sahib olmalıdır. 

“Asan İmza” nədir və hansı üstünlükləri var?

“Asan İmza” (Mobil elektron imza) – mobil elektron şəxsiyyət vəsiqəsi olub, elektron xidmətlərdən istifadə və rəqəmsal imzanın təsdiqlənməsi zamanı tətbiq oluna bilər. “Asan İmza” mobil elektron imza vətəndaşlara mobil telefondan gücləndirilmiş rəqəmsal elektron imza kimi istifadə etmək, dövlət və özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə giriş izni əldə etmək, həmçinin müxtəlif elektron sənədləri imzalamaq imkanı verir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən “Asan İmza” əl imzasına bərabərdir.

Bəs “Asan İmza” sertifikatını necə əldə etmək olar?

Asan İmza (Mobil imza) sertifikatının əldə edilməsi məqsədilə ərizənin təqdim edilməsi üçün Sizə müvafiq SIM kart lazımdır. Ona sahib olmaq üçün Siz Mobil operator ofislərində (AzercellBakcellNar Mobile) Asan İmza (Mobile imza) xidmətinə abunə olmalısınız. “Asan İmza” əldə etmək üçün Siz tək şəxsiyyət vəsiqəniz ilə ilk olaraq aid olduğunuz mobil operatora və ya digər mobil operatora (seçim sizindir), daha sonra Dövlət Vergi Xidmətinin ASAN Xidmət Mərkəzlərində fəaliyyət göstərən Asan Sertifikat Xidmətləri Mərkəzlərinə müraciət etməlisiniz. Mərkəzə müraciət edərkən Asan İmza (Mobil imza) SIM-каrtınızı və şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz. Lazımi sənədləri təqdim etdikdən sonra sertifikat üçün ərizə formasını doldurmaq lazım olacaq. Növbəti mərhələdə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) əməkdaşı Sizə xidmət ilə bağlı şərtləri izah edəcək. Sertifikatın əldə edilməsi üçün təqdim olunan ərizə formasını imzalamaqla Siz bu şərtləri qəbul edirsiniz. Siz eyni zamanda sertifikatlarınızın aktivləşdirilməsi üçün Vergi Xidmət Mərkəzlərinə müraciət edə bilərsiniz.

“Asan İmza”nı əldə etmək üçün mobil operatorlarda tariflər necədir?

“Azercell”, “Bakcell”, “Nar”da əhali, hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün tariflər (3 illik) – 18 AZN. “Asan İmza” əhali, hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün xidmətdən aylıq istifadə haqqı 2.5 AZN təşkil edir.

“Asan İmza” sertifikatı üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar üçün “ASAN Xidmət”də hansı sənədlər tələb olunur?

Hüquqi şəxs rəhbəri üçün Asan imza sertifikatı əldə olunduqda rəhbər zəruri sənədlərlə müvafiq “ASAN xidmət” mərkəzinə müraciət edə bilər. Zəruri sənədlər: şəxsiyyət vəsiqəsi , hüquqi şəxsin möhürü, hüquqi şəxsin VÖEN-nin surəti , Asan imza nömrəsi (hüquqi şəxsin rəhbərinin adına olan və ya hüquqi şəxsin adına olan nömrə), mobil operatorla bağlanan müqavilə .
Hüquqi şəxsin işçisi üçün Asan imza sertifikatı əldə olunduqda işçi zəruri sənədlərlə müvafiq “ASAN xidmət” mərkəzinə müraciət edə bilər. Zəruri sənədlər: şəxsiyyət vəsiqəsi , etibarnamə, Asan imza nömrəsi (şəxsin öz adına və ya hüquqi şəxsin adına olan nömrə), mobil operatorla bağlanan müqavilə.

Fərdi sahibkarlar üçün: Mobil nömrə əldə olunduqdan sonra fiziki şəxs üçün Asan imza sertifikatının əldə olması ilə bağlı zəruri sənədlərlə istənilən “ASAN xidmət” mərkəzinə müraciət oluna bilər. Zəruri sənədlər:şəxsin şəxsiyyət vəsiqəsi (nümayəndə müraciət etdikdə, nümayəndəyinin şəxsiyyət vəsiqəsi və etibarnamə), Asan imza nömrəsi (fiziki şəxsin adına), VÖEN (olduğu təqdirdə), Mobil operatorla bağlanan müqavilə. Asan imza nömrəsi itirildiyi , zədələndiyi  və ya bloklandığı halda nömrənin dublikatı çıxarıldıqdan sonra yeni sertifikat əldə olunmalıdır.

Nəzərinizə çatdırırıq ki, sertifikatın əldə olunması ödənişsizdir

“Asan İmza” Sertifikatı əldə etdikdən sonra banklarda onlayn hesab necə açılır?

 Belə ki, müştəri “Asan İmza” vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim etdikdən sonra videogörüşün vaxtını özü təyin edir. Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir. Bank hesabının açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra isə Bank tərəfindən hesablar avtomatik açılır və müştərinin İnternet Bank xidmətinə qoşulması təmin edilir. Rəsmiləşdirmə sənədləri ilə birgə hesab rekvizitləri barədə məlumat müştəriyə təqdim olunur. Müştəri təqdim olunmuş sənədləri və hesab rekvizitlərini yükləyərək elektron qaydada və ya çap edərək özündə saxlaya bilər.

Bank sistemlərinə “Asan İmza”nın inteqrasiyası üzrə  xidmətlərdə ödənişlər tələb olunurmu?

Bank sistemlərinə “Asan İmza”nın inteqrasiyası üzrə bütün xidmətlər ödənişsiz olaraq və çox qısa zamanda təqdim edilir.