Sahibkarlığın İnkişafı Fondu avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsi hüququnu əldə edib. Kreditin maksimal məbləği 3 milyon manat təşkil edəcək.
Bu limit Azərbaycan prezidenti İlham Əliyevin cümə günü təsdiq etdiyi Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası ilə müəyyən edilib.
Yeni qaydalara əsasən, avadanlıqların alınması üçün güzəştli kredit 5 min manatdan az olmamalıdır.
Kreditin müddəti 5 ildir. Fondun illik faiz dərəcəsi 2%-dən, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 7%-dən artıq olmamaq şərtilə, ümumilikdə kreditin illik faiz dərəcəsi 9%-dən artıq olmamalıdır.
Güzəşt müddəti avadanlığın quraşdırılması üçün tələb olunan vaxt nəzərə alınmaqla, 12 aydan çox olmamalıdır.
Təsdiq olunan qaydalara görə, sahibkarlıq subyektlərinə Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər: 5 min manatdan 50 min manatadək – kiçikhəcmli kreditlər; 50,001 min manatdan 1 milyon manatadək – ortahəcmli kreditlər; 1 milyon manatdan 10 milyon manatadək – böyükhəcmli kreditlər.
Eyni zamanda, kiçikhəcmli kreditlər – 3 ilədək, ortahəcmli kreditlər – 5 ilədək; böyükhəcmli kreditlər -10 ilədək veriləcək.
Fondun kreditlərinin illik faiz dərəcəsi 1%-dən, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5%-dək müəyyən edilir.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.