Samsung şirkəti son bir neçə il ərzində bazara Galaxy M və Galaxy A seriyaları altında büdcəli smartfon modellərini satışa çıxardır. Ortaya çıxmış yeni məlumat sızıntısına əsasən isə şirkət daha bir büdcəli smartfon seriyası üzərində çalışır. Bu barədə 91mobiles saytı xəbər verib. Məlumata əsasən şirkət hal hazırda Galaxy F adlı büdcəli smartfon seriyası üzərində çalışır.
Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkətin qatlana bilən smartfon modelləri məhz Galaxy F seriyası altında birləşəcəklər. Məlumatda qeyd edilib ki, şirkət Galaxy F seriyasında bahalı olmayan və təkmilləşdirilmiş kameralara sahib smartfonları satışa çıxardacaq. Bu cür smartfonlar 200$-300$ qiymətində satılmalıdırlar və gözləntilərə əsasən sözügedən smartfonlar yalnız online mağazalar vasitəsilə satılacaqlar.
Məlumata əsasən yeni smartfon seriyasının ilk modeli Galaxy F41 olacaq. Sözügedən smartfon SM-F415F kod adına sahibdir. Təəssüflər olsun ki, smartfonun texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Lakin güman olunur ki, yeni smartfon Galaxy M31 modelinin sahib olduğu texniki göstəricilər ilə təchiz olunacaq. Galaxy F41 smartfonu ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim olunmalıdır.