ABŞ sanksiyaları ləğv etdikdən sonra “Xiaomi” şirkətinin qurucusunun sərvəti 1.5 milyard dollar artıb.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Beləliklə, “Forbes Real-Time” reytinqində əsasən, Lei Junun varidatı 23 milyard dollar təşkil edir.
Milyarderin kapitalı smartfon istehsalçısının səhmlərinin bahalaşmasından sonra artıb. Honkonqdakı ticarət sessiyası zamanı qiymətli kağızlar 12% artıb. Ticarət sessiyasının sonunda bir səhmin dəyəri 24.35 Honkonq dolları təşkil edib (3.14 ABŞ dolları).
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifəsini tərk etməzdən əvvəl “Xiaomi” şirkətinə qarşı sanksiya tətbiq etmişdir. Bunun əsas səbəbi isə Lei Junun “Sosializmin görkəmli qurucusu” mükafatını alması olmuşdur.
“Xiaomi” Vaşinqtonun bölgə məhkəməsində sanksiyalara qarşı etiraz etmişdir. Hakim Rudolf Kontreras martın 12-də şirkətin sanksiya siyahısına salınma qərarını “yanlış” olduğunu sayıb və icrasını müvəqqəti olaraq dayandırıb.
Şirkət məhkəmənin qərarından məmnun olduğunu, lakin qərarın müvəqqəti deyil, daimi olaraq ləğv edilməsini istədiyini bildirib.
“Çin şirkətləri bu siyahıya o qədər sürətli əlavə edilib ki, ABŞ departamentləri məhkəmə prosesində buna əsas gətirə bilməyiblər. İndi hökumətdən dəlillər tələb olunur”, – deyə “Steptoe & Johnson”un vəkili Vendi Vaysonq söyləyir.