20 C
Baku
Thursday, May 30, 2024

Şarl Mişel: Aİ 2030-cu ilə qədər yeni üzvlər qəbul etməyə hazır olmalıdır

Avropa İttifaqı “etibarını saxlamaq” istəyirsə, 2030-cu ilə qədər genişlənməyə, yeni üzvləri qəbul etməyə hazır olmalıdır.

Bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Sloveniyada keçirilən Bled Strateji Forumunda çıxışında deyib.

“İnanıram ki, biz 2030-cu ilə qədər genişlənməyə hazır olmalıyıq. Bu, iddialıdır, lakin eyni zamanda zəruridir. Bu, bizim nə dərəcədə ciddi olduğumuzu göstərir”, Şarl Mişel bildirib.

Aİ Şurasının Prezidenti deyib ki, bloka qoşulmaq üçün gələcək üzv dövlətlər müstəqil məhkəmə sistemini təmin etmək, mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmaq üçün islahatlar həyata keçirməli və xarici siyasətlərini Aİ-yə üzv dövlətlərlə uyğunlaşdırmalı olacaqlar.

O, bütün namizədləri Avropa İttifaqına daxil olmamışdan əvvəl aralarındakı ikitərəfli münaqişələri həll etməyə çağırıb.

“Siz əmin olmalısınız ki, keçmiş münaqişələr Aİ-yə idxal olunmayacaq”.

Prezident Mişel əlavə edib ki, Avropa İttifaqı Şurası növbəti iclasında genişlənməni müzakirə edəcək.

Onun sözlərinə görə, Avropa Komissiyasının oktyabr ayında gözlənilən genişlənmə paketi gələcək üzvlərə bloka rəsmi üzv olmamışdan əvvəl bəzi Aİ təsisatlarında tam iştirakın faydalarını hiss etməyə imkan verə bilər.

Şarl Mişel Aİ-nin də genişlənməyə hazır olması üçün bəzi islahatlar həyata keçirməli olduğunu vurğulayıb.

Xatırladaq ki, Qərbi Balkan dövlətləri – Albaniya, Bosniya, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiya bloka qoşulma prosesinin müxtəlif mərhələlərindədir. Ötən il Aİ Moldova və Ukraynaya namizəd statusu verib. Gürcüstan da sözügedən statusu almağı gözləyir.

Mənbəapa
Son xəbərlər
 ⁠
Digər xəbərlər