Çin sədri Si Cinpin bildirib ki, o, Çin və ərəb ölkələri arasında keçirilən ilk sammitin nəticələrindən razıdır. İkinci sammit 2026-cı ildə Çində baş tutacaq.
Si Cinpin Çin-Ərəb Əməkdaşlıq Forumunun 10-cu nazirlər iclasının açılış mərasimində çıxış edib. Ölkə lideri bildirib ki, Pekin ərəb ölkələri ilə “zirvə toplantısının strateji aparıcı rolunu effektiv müəyyən etmək və Çin-ərəb münasibətlərinin sıçrayışlı inkişafına kömək etməkdə davam etmək” üçün işləməyə hazırdır.
Bundan əlavə, cənab Si ərəb ölkələri ilə neft-qaz sektorunda əməkdaşlığı aktivləşdirməyə, bərabər çoxqütblü dünyanı birgə müdafiə etməyə, həmçinin ən aktual problemlərin ədalətli həlli yollarını axtarmağa hazır olduğunu bəyan edib.
Xatırladaq ki, ilk Çin-ərəb sammiti 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanında baş tutub.