9 C
Baku
Friday, December 13, 2024

“Sıfır COVID” problemi həll etmir

Dünya Səhiyyə Təşkilatı koronavirusun miqyasının azalmasına dair optimist proqnoz verib. ABŞ prezidenti Co Bayden də koronavirus pandemiyasının geridə qaldığını bildirib. Ancaq koronavirusun başlanğıc nöqtəsində – Çində vəziyyət yenə mürəkkəbdir.

“Bloomberg” agentliyinin məlumatına görə Çində virusa yoluxma halları artdıqca ölkə daxilində səyahətlər məhdudlaşdırılıb. Çinin 7 əyalət paytaxtı olmaqla 33 şəhərində ciddi COVID qadağaları mövcuddur. Məhdudiyyətlər əhalisi milyonlarla sakini olan şəhərlərə də aiddir. Çinlilər ölkə daxilində səyahətlərə üstünlük verirlər. Ancaq hazırki şərtlər daxilində bu mümkün deyil.

Bu arada, Çin Kommunist Partiyası qurultaya hazırlaşır. 5 ildən bir keçirilən qurultayda Si Sinpinin yenidən partiyanın və ölkənin liderin seçiləcəyi bildirilir. Si Sinpin virusla mübarizəni yenidən sərtləşdirməklə qurultaya qədər virusun yayılmasının qarşısını almaq istəyir. Bakıda mənzillənən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Si Sinpin virus təhlükəsinə ciddi yanaşır. Misal üçün Çin lideri Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən zirvə toplantısında həmkarlarından maska taxmaqlarını xahiş edirdi. Heç zaman maska taxmayan Belarus prezidenti Aleksandr Lukaşenko Si Sinpinlə görüşdə qaydalara riayət etmək məcburiyyətində qaldı.

Çində sentyabrın 5-də baş verən zəlzələ çinlilərin təhlükəli bölgələri tərk etməsini məhdudlaşdırıb. Zəlzələyə baxmayaraq, çinli rəsmilər karantin şərtlərini yumşaltmayıblar. Əksinə, qadağalar daha da sərtləşdirilib, bu da sakinlərin işini və dolanışıq vasitələrini itirməyə meylli olduqları üçün sıxıntıya səbəb olub. Sosial şəbəkələrdə çinlilərin “bizdən dağılmış evlərdə qalmağı tələb edirlər” kimi statusların sayı çoxalıb. Çinlilərdən biri “düşünürəm ki, binanın içərisində ölsəm, yaxşı olar, heç olmasa yoluxmaram” yazaraq mövcud vəziyyətə istehza edib.

Çin rəhbərliyi hesab edib ki, zəlzələ nəticəsində başqa bölgələrə köçmək istəyənlər virusu digər ərazilərə yaya bilərlər. Zəlzələ nəticəsində 80-ə yaxın insanın həlak olub. Evləri zərər görən çinlilər yerdəyişmədən əvvəl COVID testi vermək məcburiyyətində qalıblar. Çində artan məhdudiyyətlər bir qrup çinli ilə polislər arasında toqquşmalara səbəb olub.

Beynəlxalq “Human Rights Watch” təşkilatı zəlzələ qurbanlarının acınacaqlı durumu və Çindəki sərtləşən məhdudiyyətlərdən narahatlığını ifadə edib. Pekinin ölkə içində tətbiq etdiyi “sıfır COVID” insan haqlarının məhdudlaşdırılması kimi qiymətləndirilib. Hadisələrin gedişatı göstərir ki, “sıfır COVID” problemi həll etmir, sadəcə virusun yayılmasını müvəqqəti ləngidir.

Son xəbərlər
Digər xəbərlər