Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 149,484 mln manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 10 772 mln manat yəni 8% çoxdur.
Maliyyə Nazirliyindən Banker.az saytına verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 16% artaraq 44 218 mln manata çatıb.
Yanvar-aprel aylarında Azərbaycanda bütün sığorta növləri üzrə üzrə yığılmış 149 484 milyon manat sığorta haqqının 71 %-i və yaxud 106 545 milyon manatı könüllü, 29 %-i və yaxud 42 milyon 939 min manatı isə icbari sığortanın payına düşüb.
Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (38 226 mln manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (18 583 mln manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (8 744 mln manat), “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası” (13 075 mln manat), “Həyatın yaşam sığortası” (22 803 mln manat), “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” (3 578 mln manat) növləri üzrə toplanılıb.
Ödənişlərə gəldikdə, könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 1 682 mln manata bərabər olub. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər isə 29 988 mln manata çatıb.
Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (14 726 mln manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (8 745 mln manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (8 700 mln manat) növləri üzrə ödənilib.