Nazirlər Kabineti “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nı təsdiq edib.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydaya əsasən, sığorta vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:
– “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət
icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Mülki Müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları və “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 dekabr tarixli 697 nömrəli Fərmanı ilə müəyyən olunmuş qaydada və məbləğdə ödənilən sığorta haqları;
– kreditlər;
– sığorta ehtiyatının aşağıdakı təhlükəsizlik göstəriciləri üzrə meyarlardan birinə cavab verən banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər:
1. beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olan banklar;
2. Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklar;
– qanunla qadağan edilməyən digər mənbələr.
Sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 (beş) faizədək hissəsi sığorta ehtiyatına yönəldilir.
Sığorta vəsaiti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) xüsusi xəzinə hesabında (bu Qaydanın 2.1.3-cü yarımbəndində qeyd olunan gəlirlər istisna olmaqla) toplanılır və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) xüsusi bank hesabına köçürülür.
Sığorta vəsaitləri üzrə əməliyyatların aparılması, o cümlədən sığorta ehtiyatında vəsaitin toplanılması və ondan istifadə edilməsi məqsədilə Fondun müvafiq bank hesabları açılır.
Hər ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.
Qaydaya görə, sığorta vəsaiti aşağıdakı istiqamətlərdə istifadə olunur:
– dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsi;
– sığorta ehtiyatının yaradılması;
– Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə müəyyən edilən hallarda müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;
– idarəetmə xərclərinin ödənilməsi (sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 (beş) faizədək hissəsi);
– qanunla müəyyən edilən digər istiqamətlər.