İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2016-cı ilin I yarısında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 42,7 mln. manat məbləğində sığorta haqqı əldə ediblər.
Xəbər verildiyi kimi, 2015-ci ilin I yarısının yekunları üzrə sığorta şirkətləri AVSMMİS üzrə 36,4 mln. manat məbləğində sığorta haqqı əldə ediblər. Beləliklə, cari ilin I yarısında sığortaçıların sığorta haqları 17,3% artıb.
2016-cı ilin yanvar-iyun aylarında sığorta şirkətləri AVSMMİS üzrə 533,656 min müqavilə bağlayıblar (artım 12,1%).
Büronun məlumatına görə, 2016-cı ilin iyun ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 84,292 min müqavilə qeydiyyata alınıb və bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 6,7 mln. manat təşkil edib. 12,707 min müqavilə xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılıb. 2015-ci ilin iyun ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 7,5%, sığorta haqlarının məbləğində isə 5,6% artım müşahidə edilib.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan etibarən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. 16 sığorta şirkəti İSB-nin üzvüdür. Onlardan 13 şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququna malikdir.
İnterfaks-Azərbaycan