Sinqapurun sakinləri gəzinti, yoqa, üzgüçülük və digər fiziki fəaliyyətlərə görə 280 dollar qazana biləcəklər.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
“Apple” Sinqapur hökuməti ilə birlikdə səhiyyə sahəsində LumiHealth sağlamlıq proqramını işə salıb. Bu proqrama qoşulan hər bir kəs Apple Watch və iPhone cihazlarında eyni adlı fitness tətbiqindən istifadə etdiyinə görə mükafat ala biləcək.
Proqram ölkənin Smart Nation milli layihəsinin bir hissəsidir və sakinləri sağlam həyat tərzi sürməyə təşviq etmək məqsədilə yaradılıb. Qeyd edək ki, LumiHealth tətbiqi həkimlər və səhiyyə ekspertləri ilə birlikdə hazırlanıb. O, oyuna bənzəyir: istifadəçilərə yaş, çəki və cinsdən asılı olaraq fərqli tapşırıqlar verilir.
Tətbiqdə həmçinin gəzinti, üzgüçülük, yoqa və digər fəaliyyətləri həyata keçirə biləcəyiniz həftəlik hədəflər var. LumiHealth istifadəçilərə müayinədən keçmək, peyvənd vurdurmaq, sağlam vərdişləri tətbiq etmək və digər bu kimi tövsiyə xarakterli bildirişlər göndərir.
“Missiya” tamamlandıqdan sonra istifadəçi 380 Sinqapur dolları (280 ABŞ dolları) dəyərində mükafat alır. Proqram 2020-ci ilin oktyabrında işə düşür və iki il üçün nəzərdə tutulur. Bildirildiyi kimi, bu layihə Sinqapur səlahiyyətliləri tərəfindən elan edilmiş səhiyyə və yeni texnologiyalar sahəsindəki ideya yarışmasının bir hissəsi olaraq yaradılıb.