“GL” ASC (Sizin Lombard) 2026-cı ilin birinci yarısını 3 milyon 851 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə (3 milyon 184 min manat) müqayisədə 21% çoxdur.
Banker.az bu barədə 2026-cı ilin birinci yarısının maliyyə nəticələrinə istinadən xəbər verir.
“GL” ASC-nin faiz gəlirləri illik müqayisədə 13% artaraq 11 milyon 630 min manata yüksəlib. Paralel olaraq faiz xərcləri də 11.3% artaraq 3 milyon 517 min manat təşkil edib. Nəticədə cəmiyyətin xalis faiz gəlirləri 14% artaraq 8 milyon 113 min manata çatıb.
Ötən ilin ilk yarısında 1 milyon 559 min manat olan komissiya gəlirləri bu il 34% artaraq 2 milyon 87 min manat təşkil edib.
Hesabata əsasən, cəmiyyətin cəmi aktivləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10.5% artaraq 60 milyon 302 min manata yüksəlib. Aktivlərin böyüməsində əsas paya malik olan müştərilərə verilmiş kreditlər və avanslar 53.7 milyon manat, pul vəsaitləri və onların ekvivalentləri isə 3.7 milyon manat təşkil edib.
Xatırladaq ki, “GL” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən kommersiya hüquqi şəxsdir. Şirkətin nizamnamə kapitalının 100%-i Quliyev Fərman Eldar oğluna məxsusdur.






