1 C
Baku
Saturday, December 14, 2024

SOCAR AÇG blokunda laylardan neft hasilatının əmsalının artırılmasını planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda laylardan neft hasilatının əmsalının artırılmasını planlaşdırır.

Bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Forumunun II günündə deyib.

Onun sözlərinə görə, AÇG blokunda 30 ildir ki, hasilat həyata keçirilir: “Eyni zamanda, burada yüksək səmərəli quyular var. Layların hasilat əmsalı təxminən 30-40% təşkil edir və bu da məqbul səviyyədir. Lakin biz bu rəqəmi daha da artırmaq, yəni 50%-ə çatdırmaq istəyirik”.

B. Hüseynov qeyd edib ki, bu, yataqda yeni infrastrukturun tətbiqi sayəsində mümkün olacaq.

Xatırladaq ki, “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.

Bu müqavilənin müddəti 2024-cü ildə başa çatırdı. Amma 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər nəzərdə tutulmuş yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə əsasən, pay bölgüsü bu formadadır: Britaniyanın BP şirkəti (layihə operatoru) – 30.37%, SOCAR – 25%, Macarıstanın MOL şirkəti – 9.57%, Yaponiyanın “Inpex Corp” şirkəti – 9.31%, Norveçin “Equinor” şirkəti – 7.27%, ABŞ-nin “ExxonMobil” şirkəti – 6.79%, Türkiyənin TPAO şirkəti – 5.73%, Yaponiyanın “ITOCHU Oil” şirkəti – 3.65%, Hindistanın “ONGC Videsh” şirkəti – 2.31%.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər