SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) “AVRO-5” standartına uyğun olan benzinin istehsalın başlanılması 2023-cü ili iyun-iyul aylarına planlaşdırılıb.
Bu barədə “SOCAR Downstream” şirkətinin baş direktorunun müavini Emil Alxaslı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözləri görə, bu ilin üçüncü rübündə “AVRO-5” standartına uyğun olan dizel yanacağının istehsalına başlamaq planlaşdırılır. “Rekonstruksiya və modernləşdirmə layihəsi çərçivəsində işlər hazırda qurğuların işə salınması səviyyəsindədir”, – deyə Emil Alxaslı qeyd edib.
Şirkət rəsmisi onu da əlavə etdi ki, ilk növbə hidrogen qurğusu işə salınacaq, daha sonra isə mərhələli şəkildə digər qurğuların işə salınması həyata keçiriləcək və bu proses gələn ilin ortalarınadək davam edəcək. Hidrogen qurğusu dizel yanacağının və benzinin təmizlənməsi üçün lazımdır.
Onun sözlərinə görə, nəticədə zavodda ildə 2 mln. ton avtomobil benzini istehsal ediləcək. Bu həcmlərin 60%-i Aİ-92 markalı benzinin, 40%-i isə Aİ-95 markalı benzinin payına düşəcək.
Emil Alxaslı vurğuladı ki, rekonstruksiya və modernləşdirmə işlərinin əsas məqsədlərindən biri ölkənin benzin və dizelə olan tələbatını 2040-cı ilədək tam ödəməkdir. Artıq qalan yanacaq həcmləri ixraca yönəldiləcək.
Direktor müavini bildirib ki, rekonstruksiya və modernləşdirmə layihəsinin birinci mərhələsi 2023-cü ildə bitəcək, ikinci mərhələnin başa çatması isə 2027-ci ilin axırınadək planlaşdırılır. Layihənin nəticəsində NEZ bütün Xəzər dənizi ölkələrinin neftini emal edə biləcək.
Qeyd edək ki, NEZ-in illik emal gücü 6,5 mln. ton təşkil edir.