Ukraynada 57 yanacaqdoldurma məntəqəsinə sahib olan Azərbaycan şəbəkəsi “SOCAR Energy Ukraine” müharibə başlayandan bəri dəyən ziyanı müharibə başa çatdıqdan sonra qiymətləndirmək niyyətindədir.
Bu barədə “SOCAR Energy Ukraine” şəbəkəsinin direktoru İqor Orlov Ukrayna KİV-inə müsahibəsində bildirib.
“Yanacaqdoldurma məntəqələrimizdə dağıntı yoxdur. Xarkov vilayətində altı məntəqədən dördünün işini dayandırmışıq. Qalan stansiyalar fasiləsiz işləyib.
Müharibənin ilk aylarında satışlar 30-50 % azaldı. İyun ayında biz dizel üzrə müharibədən əvvəlki satış rəqəmlərinə, benzin üzrə isə onun çatışmazlığına görə müharibədən əvvəlki səviyyənin 50 %-nə çatdıq.
Hökumətlə razılaşmalara əsasən, pərakəndə satış qiymətləri benzinin litri üçün 52 qriven, dizelin hər litri üçün isə 58 qrivendən çox ola bilməz. Bu, yanacaqdoldurma məntəqələrinə hər litrdən təxminən 5 qriven qazanmağa imkan verir. Yazın sonunda dövlət tənzimləməsi hələ mövcud olanda biz zərərlə işləyirdik. Dizelin hər litrində təxminən 50 qəpik, benzinin hər litrində isə 1,5 qriven itirirdik. Bu vəziyyət bütün şəbəkələr üçün eyni deyildi, çünki bazar oyunçularının fərqli qiymətlərlə fərqli ehtiyatları var idi”, – İ.Orlov deyib.
O, yanacaqdoldurma məntəqələrində yaranan növbələrlə bağlı məsələni də qaldırıb: “Benzin doldurulmasında kiçik növbələr qalır. Dizel növbəsiz satılır. Kiyev və Lvovda dizel yanacağının satışına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Digər regionlarda isə limitlər qalıb: 40 litr dizel, bir çənə 20 litr benzin. Biznes üçün limit isə 100 litr olaraq qalır.
Yanacaqdoldurma məntəqələrində yanacaq ehtiyatlarını elə hesablamağa çalışırıq ki, bu, maksimum sayda çox adama çatsın. İndi benzinə qoyulan məhdudiyyətlər qaldırılarsa, bəzi müştərilər yanacaqsız qalacaq.
Limitlərin digər məqsədi möhtəkirlərlə mübarizə aparmaqdır. İnsanların çənə dolu yanacaq doldurması, yanacaqdoldurma məntəqəsindən 10 metr aralıda isə yanacağı boşaldıb 30 qriven bahaya satması hallarını qeydə almışıq.
Biz həmçinin könüllülərin pərakəndə qiymətlərlə, o cümlədən kommunal xidmətlər, Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti və tibb müəssisələrinin yanacaqla pulsuz təmin edilməsinə üstünlük verməyə davam edirik”.