İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkətinin səhmləri cümə günü keçirilən hərracların yekununda 5,43% ucuzlaşaraq 123,99 dollara düşüb və tarixi minimuma enib. Beləliklə, səhmlərin qiyməti IPO qiymətindən təxminən 8% aşağı düşüb. Bunun fonunda şirkətin kapitallaşması iyunun 16-da qeydə alınmış maksimum səviyyədən 1 trilyon dollardan çox azalaraq hazırda təxminən 1,63 trilyon dollar təşkil edir.
SpaceX səhmlərinin cümə günü kəskin ucuzlaşmasına mühərriklərdə yaranan problemlər səbəbindən Starship kosmik gəmisinin buraxılışının ləğv edilməsi səbəb olub. Bununla belə, şirkət nümayəndələrinin sözlərinə görə, buraxılış artıq gələn həftənin əvvəlində həyata keçirilə bilər.
Şirkətin IPO prospektində Starship-in hazırlanmasına 15 mlrd dollardan çox vəsait xərcləndiyi bildirilirdi.
SpaceX səhmlərinin zəif dinamikasına baxmayaraq, Bloomberg agentliyinin izlədiyi analitiklərin təxminən 80%-i səhmləri almağı tövsiyə edir. Onların səhmlər üzrə orta hədəf qiyməti 235,34 dollar təşkil edir ki, bu da hazırkı səviyyədən təxminən 90% artım potensialı deməkdir.
SpaceX səhmləri ilə bağlı ən nikbin mövqeyi Raymond James-in analitiki Brayan Gesüel tutur. O, şirkətin səhmlərini 800 dollar hədəf qiyməti ilə “aktiv şəkildə almağı” (strong buy) tövsiyə edir. Bu isə hazırkı səviyyədən 545% artım potensialını nəzərdə tutur.







