17 C
Baku
Sunday, May 5, 2024

Sunday Times: “Şahzadə Çarlz Qətərin sabiq Baş nazirindən 3 milyon avro alıb”

Böyük Britaniyada nəşr olunan “Sunday Times” qəzeti Britaniya vəliəhdi Çarlzın 2011-2015-ci illər arasında Qətərin sabiq Baş naziri Şeyx Həməd bin Casimdən üç dəfə bir milyon avro nağd pul aldığını yazıb. Uels şahzadəsi Çarlzın ofisi “Clarence House” isə bu pulun ianə məqsədilə olduğunu və “qanunlara uyğun olaraq” şahzadənin xeyriyyə təşkilatlarına köçürüldüyünü açıqlayıb. “Clarence House”un açıqlamasında deyilir: “Şeyx Həmas bin Casimin ianələri dərhal Şahzadənin xeyriyyə təşkilatlarından birinə köçürüldü və qaydalara əməl edildi”. Bildirilir ki, ianələr Uels Şahzadəsinin himayəsində olan “The Prince of Wales” Xeyriyyə Fonduna köçürülüb. Qeyd edək ki, bu xeyriyyə təşkilatı təsis bəyanatında öz məqsədini “dialoq, təhsil, səhiyyə və cəmiyyətə inteqrasiya sahələrində qrantlar vasitəsilə insanların həyatını dəyişdirmək” kimi müəyyən edir. Xeyriyyə rəsmiləri qəzetə bildiriblər ki, təşkilatın qəyyumlar şurası ianəni qanuni edib və nəzarətçilərdən razılıq alıb.

Banker.az “Sunday Times”a istinadən xəbər verir ki, Şeyx Həməd bin Casim pulu bir dəfə çamadanda, bir dəfə idman çantasında, bir dəfə də Fortnum və Mason mağaza çantasında Şahzadəyə çatdırıb. Qəzetin xəbərində Şahzadənin aldığı pulun qanunsuz olub-olmadığı il bağlı heç bir ifadəyə rast gəlinmir.

Qeyd edək ki, Şahzadə Çarlzın səudiyyəli milyarder Mahfuz Marei Mübarək bin Məhfuza ianə qarşılığında kral nişanını və Britaniya vətəndaşlığını almağı təklif etdiyi ortaya çıxdıqdan sonra son aylarda onun xeyriyyə təşkilatları araşdırılıb. Polis bu ilin əvvəlində iddiaların araşdırıldığını bildirmişdi. Həmin vaxt “Clarence House” Şahzadə Çarlzın məsələdən xəbəri olmadığını iddia etmişdi.

Məlumat üçün bildirək ki, xeyriyyə təşkilatının baş icraçı direktoru, Şahzadə Çarlzın keçmiş aparat rəhbəri Maykl Fawcett ötən ilin noyabrında istefa verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər