Təhsilin Sinqapur modelinə keçidi nə dərəcədə realdır?

Təhsil mövzusu ölkəmizdə vaxtaşırı ciddi gündəmə çevrilir. Amma pandemiya ilə əlaqədar olaraq bu gündəm bir az da intensivləşib (əslində təhsil mövzusu vaxtaşırı deyil, müntəzəm olaraq gündəmdə olmalı məsələdir). Təhsilin hədəfi ilə bağlı yazını rəy bölməsində yerləşdirəcəyim üçün birbaşa son günlər müzakirə olunan fikirlərə keçirəm. Əvvəla, bir çox fikirlər daha çox həyəcan, emosiyalarla müşaiyət olunduğundan bəzən obyektivlik itir. Obyektivlik itdikdə isə düzgün diaqnoz, müayinə və müalicə yollarını müəyyən etmək çətin olur.

Təhsil naziri son açıqlamalarının birində distant təhsilin ailələr üçün böyük stres və diskomfort yaratdığını ifadə etmiş, bəzi yerlərdə internetin olmamasının çətinliklərinə toxunmuşdur.

Təhsilin Sinqapur modelinə keçidi nə dərəcədə realdır sualına cavabımda bildirmişdim ki, biz səbəb-nəticə məsələlərini bir sıra hallarda səhv salırıq. Öncə müəyyən etməliyik ki, Sinqapurun uğurlu təhsil modeli inkişaf etmiş cəmiyyətin (iqtisadiyyatın) yaratdığı imkanların nəticəsidir, yoxsa uğurlu təhsil həmin inkişaf etmiş cəmiyyəti (iqtisadiyyatı) formalaşdırıb? Cənub və Şimal Şərqi Asiya ölkələrinin (o cümlədən Sinqapur) iqtisadi inkişaf modellərini uzun müddət araşdıran bir iqtisadçı kimi birmənalı cavab verirəm ki, Sinqapurun uğurlu təhsli modeli digər sahələrin inkişafının nəticəsidir. Yəni, digər sahələrlə bərabər inkişaf edən təhsil simbioz və sinerji yaradaraq inkişaf etmiş cəmiyyətin (iqtisadiyyatın) formalaşmasına səbəb olmuşdur. Yəni, təhsildən kənarda görünən bir çox amillər vardır ki, təhsilin uğurlu olmasını şərtləndirir və uğurlu təhslinin əsas səbəblərinə çevrilir. Bu amil bank sektoruna da aiddir, maliyyə sektoruna da, səhiyyə sektoruna da və sair.

Təhsil nazirinin son açıqlaması bu fikri bir daha təsdiqlədi. Yəni, ölkədə təhsilin inkişafı üçün təkcə təhsilin infrastrukturunun hətta mükəmməl olması belə (təhsil infrastrukturunun mükəmməl olduğunu iddia etmirəm) uğurlu təhsil sistemi üçün kifayət deyil. Əlavə olaraq qeyd edim ki, burada məsələ təkcə internet və planşet, kompüter təminatında deyil. Məsələn, savadlı kadrların layiq olduqları işlərlə təmini (əmək bazarında (biznes subyektlərində) gördüklərim məni ciddi şəkildə pessimist əhvala sürükləməkdədir. Savadlılar haqqında qərarları cahillər verirlər. Normal cəmiyyətlərdə isə bu əksinədir), istedadlı uşaqların, gənclərin üzə çıxarılıb cəmiyyətə qazandırılması (təhsilin əsas vəzifələrindən biri kimi bunu görürəm) və sair amillər də motivasiya və qiymətləndirmə məsələlərində, nəticədə təhsilin uğurlu olmasında başlıca rol oynayan amillərdir. Yazının qısa olmasına çalışmağım səbəbindən cəmiyyətdə tez-tez müzakirə olunan digər neqativ məsələlərə toxunmuram.

Əslində, təhsil naziri açıqlaması ilə ciddi məsələlərə toxunub ki, təkcə təhsilin deyil, hər hansı bir sahənin inkişafı digər sahələrdəki vəziyyətlərlə birbaşa əlaqəlidir. Daha primitiv müqayisə edək. Sürətlər qutusu Jiquli avtomobilindən götürülən bir avtomobilə Mercedes mühərriki qoymaq həmin avtomobilin sürətlə gedəcəyinə (və hətta ümumiyyətlə işləyəcəyinə) təminat vermir.

Bir sahənin digər sahə(lər) üçün səbəb-nəticə doğuran əsas amillərinin daha geniş, hərtərəfli, dərin və emosiyalardan uzaq təhlil(lər)inə ehtiyac çoxdur.

 

Elman Sadıqov, iqtisadçı


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.