20 C
Baku
Wednesday, May 29, 2024

Təki pulumuz vətəndaşlarımızın cibində olsun

Müəllif: Eldar Mikayılzadə

Azərbaycan manatının dövriyyə buraxılmasından 22 il ötür. Bu 22 ildə manat 2 dəfə dəyişib. Bu son deyil. Mərkəzi Bankın məlumatına görə, manatın üzərində daha bir dəyişiklik də ediləcək. Həm dizayn, həm də mühafizə baxımdan. Məqsəd manatın etibarlığını və cəlbediciliyini yüksək səviyyədə saxlamaqdır.

Amma gəlin görək ilk Azərbaycan manatı yaranana kimi hansı mərhələni keçib. Manat necə ərsəyə gəlib? 1992-ci ildə dövriyyəyə buraxılan manatın eskizlərini hazırlayan xalçaçı rəssam Eldar Mikayılzadə -nin bu haqda düşüncələrini sizə təqdim edirik.

Onun sözlərinə görə -“O zaman konkurs oldu. Elçin Məmmədov  və başqaları eskizlər hazırlamışdı. Sadəcə, mənim eskizlərim qəbul edildi. Baş nazir Həsən Həsənovun yanına dəvət olundum və ilk manatların hazırlanması mənə həvalə edildi”.

Həmin eskizlərdə daha çox xalça elementlərinə üstünlük vermişdiz?

Bizim Azərbaycan xalqını dünyada tanıdan, ruhunun daşıyıcısı olan xalça sənətidir. Mən də onun üzərində kökləndim. İlk eskizlər tamam başqa cür idi. 7 nominantda işlənmişdi. Azərbaycanın hər bölgəsinin böyük şəxsiyyətlərinin portretləri hazırlanmışdı, mədəni abidələrindən, florasından, faunasından nümunələr vardı. Sonra bəzi hadisələr baş verdi, həmin eskizlər çapa hazır olsa da proses dayandırıldı. Ölkədə dəyişiklik oldu. Çap olunmağa bir ay qalmış həmin eskizlər Parisdə tələsik yenidən işləndi. Onda hər həftə əhval-ruhiyyə dəyişirdi, münasibət dəyişirdi. İş 1991-ci ildən başlanmışdı, onda Ayaz Mütəllibov idi prezident. İlk manatın nümunələri də onun vaxtında gəlməli idi. Amma rəhmətlik Elçibəy prezident olanda pul dövriyyəyə buraxıldı.

Məmməd Əmin Rəsulzadənin rəsmi olan Azərbaycan manatı

5

Kimlərin portretini hazırlamışdız?

Hər bölgədən var idi. Məsələn, Şəkidən Mirzə Fətəli, Qarabağdan Üzeyir Hacıbəyov, Bakıdan, Gəncədən və s. bölgələrdə yaşayan şəxslərin portretlərini hazırlamışam.

Manatın üzərində olacaq şəkillərdən  7 nəfərdən ikisinin üzərində dayandılar: Nizami Gəncəvi və Məmməd Əmin Rəsulzadənin. Səbəb nə idi və siz buna necə baxırdız?

Bu artıq həm siyasətlə, həm də maliyyə ilə bağlı idi. O vaxt Azərbaycanın maliyyə durumu o qədər yaxşı deyildi. Pul çapı da baha başa gəlir. Hər dəyişiklik olduqca böyük pul itkilərinə səbəb olurdu. Ona görə, məcbur oldular portretlərdən azaltdılar, naxışlardan azaltdılar, rəngləri azaltdılar, pulun «sekret»i var, onu azaltdılar, bu da keyfiyyətə təsir etdi. Amma keçmiş SSRİ məkanında ilk dəfə biz milli pul buraxdıq. Bu, böyük hadisə idi. Ona görə, bu şeylərə fikir vermirdik, deyirdik ki, portret azaldı, rəng azaldı, eybi yox, təki pul çıxsın. Amma bu ikisi də böyük şəxsiyyət idi. Biri dövlətçilik, o biri ruhaniyyat rəmzi idi, ona görə Rəsulzadə ilə Nizami Gəncəvinin şəkilləri qaldı.

İndiki əskinasların üstündə heç kimin şəkli yoxdur. Bu gün dövriyyədə olan pul haqda nə fikirləşirsiz?

O vaxt biz köklənmişdik Azərbaycanın xalça sənətinə,  Azərbaycanın tarixinə. Bu gün ümumdünya dizaynı, stili var. İndi daha çox ona uyğunlaşdırırlar. O da dövlətin seçimidir, mən ona nə deyə bilərəm? Arzu ayrı şeydir, reallıq başqa şey.

Bir vətəndaş olaraq siz o pulu necə görmək istərdiz?

1991-ci ildə qəbul edilmiş ilk eskizlər ki vardı, orda bütün şəxsiyyətlər, abidələr əhatə olunmuşdu. Əlbəttə o cür görmək istərdim.

Həmin eskizləri hazırlayanda sizə portretlərlə bağlı təkliflər çoxmu olurdu?

Nizami Gəncəvinin rəsmi olan Azərbaycan manatı

AzerbaijanP19b-500Manat-(1993)_f-1

Əlbəttə. Hamı istəyirdi ki, öz yerlisinin şəkli olsun, deyirdilər ki, yox, mütləq filankəs olmalıdır. O vaxt pul çapa gedirdi. 1000 manatlığın üstündə Nizami Gəncəvinin şəkliydi, 500 manatlığın üstündə Məmməd Əmin Rəsulzadənin. Mən Parisdə idim, çapa getməyə az qalmışdı. Elçibəy də təzə seçilmişdi. Mənə zəng vurdular ki, qayıt dala. Mənə Elçibəyin fikrini çatdırdılar ki, niyə Rəsulzadə 500 manatlığın üstündədir, o dövlətçilik baxımdan daha böyük adamdı. Mən dedim ki, şəxsiyyət nə qədər böyük olursa, kiçik pula salırlar, məsələn, Vaşinqton kimi. 1 dollar 1 milyon buraxılır, 100 dollar min dənə, misal üçün də. Dedilər ki, yox. Rəsulzadə min manatda olmalıdır. Dəyişdik biz də…

Bu işinizə görə sizə pul verildimi?

O vaxt Milli Bankın sədri Qalib Ağayev idi, o bizi dəvət etdi. Bizə qonorar yazmışdılar. Mən də, dostum da o pulu Dövlət Müdafiə Fonduna keçirdik. Müharibə gedirdi.

Hər dəfə dükanda-bazarda o pulu əlinizə alanda nə düşünürdüz?

O pulların ilk nümunələrini Bakıya dostumla mən gətirmişəm. Hər nominantdan bir dənə: 1, 10, 25, 100, 250 manat. Hərəsindən bir bağlama vermişdilər. Hətta dedilər ki, bunu çemodandan çıxart, adi çantaya qoy. Dərhal bilinir ki, nəsə qiymətli şeydir. Mehmanxanada yeşiyi sındırdım və idman çantasına qoyub çiynimə alıb gəldim Bakıya. İçimdə bir sevinc vardı ki, kaş biləydilər mən nə aparıram. Bir dənə onda həmin hissi keçirdim, sonra unutdum ki, pulun müəllifi mənəm.

«İNDİ DƏ ÇOX ADAM BİLMİR Kİ, ORDA ALLAH YAZILIB»

Gerbdə də dəyişiklik etmisiz?

Gerb o vaxtdan qalmadır. Sadəcə içində alov çəkilmişdi, mən orda alovun yerinə Allah yazdım. Heç kim də bilmirdi, demədik də. Bir nəfərə dedim, o da dedi ki, səsə salma. Çünki Ali Sovetin hamısı kommunistlər idi, başım ağrıyardı. Elə təsadüfən keçdi. İndi də çox adam bilmir ki, orda Allah yazılıb.

«TƏKİ PULUMUZ VƏTƏNDAŞLARIMIZIN CİBİNDƏ OLSUN»

Azərbaycan manatını yenidən dəyişdirmək istəyirlər, sizin ideyanız, təklifiniz var?

Bu dövlətin işidir, mən ona qarışa bilmərəm. Bu sahədə 10-15 sənətkar dəvət edərlərsə, demokratik bir şey keçirərlərsə, əlbəttə mən də iştirak edərəm. Soruşarlar arzumu deyərəm. Soruşmazlar da Allah xeyir versin. Mənim üçün fərqi yoxdur kim işləyir, necə işləyir, pulumuz nə rəngdə çıxır. Təki pulumuz qüvvətli olsun, söz sahibi olsun. Pulumuz vətəndaşlarımızın cibində olsun.

Azadlıq

Son xəbərlər
 ⁠
Digər xəbərlər