12 C
Baku
Wednesday, December 11, 2024

Tahir Mirkişili: “Azərbaycan regionda İKT şirkətlərindən ən az vergi alan ölkə olacaq”

“Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə böyük vergi və sosial güzəştlər tətbiq ediləcək, Azərbaycan regionda İKT şirkətlərindən ən az vergi alan ölkə olacaq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, bütün bunlar “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb: “Burada həm İKT şirkətlərinə, həm də bu şirkətlərdə çalışan mütəxəssislərə güzəşt edilməsindən söhbət gedir, yəni iki yanaşma var. Hazırda şirkətlər (hüquqi şəxslər) 20 % dərəcə ilə mənfəət vergisi, fərdi sahibkarlar (fiziki şəxslər) isə 20 % dərəcə ilə gəlir vergisi ödəyir. Rezident şəhadətnaməsi alaraq “sistem inteqrasiyası, proqram təminatının hazırlanması, inkişaf etdirilməsi, onlara dəstək göstərilməsi və təlim verilməsi” fəaliyyəti ilə məşğul olanlar həmin vergilərdən tam azad ediləcək. Bu sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin isə aylıq gəlirindən vergi isə gələn il yanvarın 1-dən 3 il müddətində 8 min manata qədər olduqda 0 %-lə, 8 min manatdan çox olduqda 5 %-lə, 2026-cı il yanvarın 1-dən isə 7 il müddətində 5 %-lə tutulacaq”.

“Digər mühüm dəyişiklik yenə İKT şirkətlərində çalışan şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqları ilə bağlıdır: “Hazırda onlar 25 % dərəcə ilə məcburi dövlət sosial sığorta haqqı ödəyir. Yeni yanaşma bundan ibarətdir ki, onlara seçim hüququ verilsin. İşçi ödənişi olduğu kimi davam etdirə, yəni mövcud qanunvericiliyə uyğun olaraq 25 faiz dərəcə ilə sosial vergi ödəyə bilərlər, yaxud hər il yanvarın 15-ə qədər ərizə ilə müraciət edib, minimum əmək haqqının 4 misli qədər olan hissədən məcburi dövlət sosial sığorta haqqı ödəmək şansı əldə edə bilərlər. Hazırda minimum əmək haqqı 300 manatdır, onun da 4 misli 1200 manat edir, yəni 1 200 manatdan sosial sığorta haqqı ödəyə bilərlər. Bu, daha çox maaşı 1 200 manatdan yuxarı olanlara əlverişli olacaq. Çünki İKT mütəxəssislərinin böyük qrupunun aylıq maaşı 1 200 manatdan çoxdur. Bu o deməkdir ki, könüllü formada məcburi dövlət sosial sığorta haqqını daha az ödəmək mümkün olacaq”, – deputat qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, əcnəbilərin və yaxud vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi lazım olmayacaq, onlar məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcəklər.

“Qonşu ölkələrdə bunların bir qismi tətbiq olunur. Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, Ukrayna və Belarus arasında ölkəyə İKT mütəxəssisi cəlb olunması üçün böyük rəqabət var. Vergi qanunvericiliyi ən çox tətbiq olunan stimullaşdırma vasitəsidir. Amma bizim tətbiq etmək istədiyimiz dəyişikliklər ən yaxşısıdır”, – T.Mirkişili əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər