Ölkənin müxtəlif şəhərlərindən Polşanın paytaxtı Varşava şəhərinə gələn minə yaxın taksi sürücüsü “Uber” şirkətinin və internet tətbiqləri çərçivəsində fəaliyyət göstərən digər şəxslərin ölkənin nəqliyyat və vergi qanunverciliyinə tabe olmalarını tələb ediblər. “Qanun hər kəsə aid olmalıdır” şüarını irəli sürən sürücülər internet vasitəsilə idarə edilən ayrı-ayrı şirkətlərdə çalışanların iş təhlükəsizliyi və sağlamlıq təlimi keçmədiklərinə diqqət yönəldiblər. “Onlar da bizim kimi qanun və qaydalara tabe olsunlar, bizim kimi vergi versinlər, təlim keçsinlər”, – deyən taksi sürücüləri mövcud qanunvericilikdə dəyişiklik edilməsi tələbi ilə Nazirlər Kabinetinin önündə də öz etirazlarını davam etdiriblər. Taksi sürücülərinin etirazına səbəb isə ABŞ-ın Varşavadakı səfiri Georgette Mosbaçenin Polşanın nəqliyyat naziri Andrjey Adamçuka müraciəti olub. Səfir nazirdən internet vasitəsilə taksi xidməti göstərən şirkətlərin fəaliyyətini məhdudlaşdıran qanun layihəsinin ləğv olunmasını xahiş edib.