2 C
Baku
Saturday, December 14, 2024

Taleh Ziyadov: “Orta Dəhlizlə bağlı 5 ölkə vahid strategiya hazırlayır”

Azərbaycan, Qazaxıstan, Türkiyə, Gürcüstan və Özbəkistan Orta Dəhlizdə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) infrastrukturun və sənədləşmənin rahatlığı üçün vahid strategiya üzərində işləyir.

Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bütün dövlətlər Orta Dəhlizin əhəmiyyətini başa düşür, xüsusilə Orta Asiya ölkələri anlayırlar ki, infrastruktur önəmlidir: “İnfrastrukturu olan ölkələr Orta Dəhlizdə aktiv olaraq işləyəcəklər. İnfrastrukturu olmayan ölkələr isə bu dəhlizdən yan keçəcəklər. Orta Asiya ölkələri, bizim qonşularımız da bu infrastrukturun hazırlanması üçün ciddi işlər görür”.

T. Ziyadov xatırladıb ki, Azərbaycan artıq bu işləri ötən on il ərzində görüb, həm müasir limanı, həm də hava limanları, gəmiləri var: “Ancaq bizim də görəcəyimiz işlər var və bu istiqamətdə müvafiq tapşırıqlar verilib. Bundan sonrakı işlər qonşu dövlətlərlə infrastrukturun inteqrasiyasıdır. Elə bir şərait yaradılmalıdır ki, bir konteyner bir ölkədən digərinə elə keçməlidir ki, hiss edilməməlidir ki, bu konteyner başqa ölkədən keçir”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

2020-ci ilin dekabr ayından Türkiyədən TBNM ilə Çinin Sian şəhərinə Azərbaycan üzərindən konteyner qatarları göndərilir. Bu marşrut başqalarına nisbətən sürət və qiymətlər baxımdan sərfəli olduğu üçün bazarda tezliklə rəğbət qazanıb. Belə ki, cəmi 16 gün ərzində bir başdan o biri başa çatan qatarlar razılaşmalara görə ayda iki dəfə yola salınır. Bu razılaşma 2021-ci ilin əvvəlindən Çində konteyner daşımalarının bahalaşmasına baxmayaraq dəqiq yerinə yetirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər