İNSAN SOSİAL STATUSU yüksəldikcə özünü daha tənha hiss etməyə başlayır. Ən tənha insanların sırasına prezidentləri və şirkət rəhbərlərini aid etmək olar. Məhz bu səbəbdən media tamaşaçılarını maksimum dərəcədə sevindirmək və təəccübləndirmək üçün bu kimi səs-küylü başlıqlardan istifadə etməyə çalışır: “Londonun meri evə metro ilə qayıtdı”, “Norveç prezidenti parlamentə velosiped ilə gəldi”, “Biznesmen filankəs isə məmur filankəs ilə filan şəhərə getdi” və s. Düzdür, “böyük” insanların öz bunkerlərini tərk etməsi maraqlı görünür – bu onların bunkerinin nəinki mövcud olduğunu, həm də gündəlik rejimdə etibarlı şəkildə “təmizləndiyinin” bariz nümunəsidir.
Tək yaşamaq, əslində, çox sərfəli sxemdir: müasir dövrdə siz sağ qalmaq üçün daim ünsiyyətdə olmaq məcburiyyətində deyilsiniz – əməkdaşlarla və işçilərlə elektron poçt vasitəsilə də əlaqə yaratmaq olar (bu daha rahatdır), yemək və geyim isə əksər vaxtda onlayn rejimdə sifariş olunur.
Hər kəsin öz bunkeri var. Bunkerdə olanlar üçün pis xəbər – bu mövqe rahat olsa da, sağlamlıq üçün çox zərərlidir, çünki beynimiz neyron səviyyəsində tənhalığa uyğunlaşa bilmir.
Təkamül mexanizmi: sağ qalmaq uğrunda mübarizə yox, əməkdaşlıq
Daşqın gəldikdə, qarışqalar tükcüklərdə olan hava köpüyü sayəsində suyun səthində qısa müddət üzə bilirlər. Buna baxmayaraq, onların sağ qalmaq şansı çox azdır. Qarışqalar çənə-çənəyə yapışıb sala oxşar bir struktur yaradırlar. Bu vəziyyətdə onlar yüzlərlə kilometri qət edə bilirlər və daim bir-birini əvəz edərək quruya çatırlar.
Təkamülün aparıcı qüvvəsi sağ qalmaq uğrunda mübarizə yox, əməkdaşlıqdır. Harvard Universitetinin təkamül dinamikası qrupunun rəhbəri, biologiya və riyaziyyat professoru Martin Novakın bu kəşfi alimlərin fikirlərini alt-üst etdi. Qarışqalardan başlayıb digər icmalara keçərək professor başa düşdü ki, superorqanizmlərin meydana gəlməsinin əsasında ortaq hədəflər ətrafında birləşmə dayanır.
Birgə fəaliyyətlərin faydalı nəticələrinin ortaya çıxması, əldə edilən uğurun genetik kodda konsolidasiyasına və təkamüldə kəskin irəliləyişə səbəb olur. Sonrakı mərhələlərdə artıq qruplar arasında rəqabət formalaşır və sonda güclü olan yox, birləşərək əməkdaşlıq etməyi bacaran sağ qalır.
Bu fakt bizim fərdi biologiyamıza daxil edilib. Parma Universitetinin professoru, italiyalı neyrobioloq Giacomo Rizzolatti, güzgü neyronlarını kəşf edəndən sonra məlum oldu ki, bizim beynimiz tənhalığa hazır deyil.
İnsanlar neyroşəbəkədə olan neyronlara bənzəyirlər
Yəqin ki, hər birimiz səhv qapıya girərək münaqişənin iştirakçısına çevrilmişik. Canlı olaraq münaqişənin şahidi olmasaq da, fiziki olaraq hiss edirik: “havada gərginlik var”.
Ətrafımızda olan insanların vəziyyətini həqiqətən yaxşı hiss edirik, çünki nəslimizin iki milyon illik təkamülü dövründə sağ qalmağımız bu qabiliyyətdən asılı idi. Sosial neyrobiologiya nöqteyi-nəzərindən, siz və biz böyük bir sinir şəbəkəsiyik.
Harvard Tibb Məktəbinin psixologiya kafedrasının dosenti Judith Jordan bunları deyib: “Özünü ayırd etmə modeli, səhvən, təbiətcə daha güclü sərhədlər yaratdığımız, digər insanlar üzərində güc qazanacağımız və məhdud qaynaqlar uğrunda rəqabət etdiyimiz fərziyyəsinə əsaslanır. Qarşılıqlı asılılıq, insanın hər iki tərəfin böyüməsinə və bir-biri ilə əlverişli əlaqələr yaratmalarına imkan yaradan münasibətlərdə inkişaf etdiyini başa düşməyə kömək edir”.
“Hamımız sosial şəbəkələrin bir hissəsiyik, – deyə Yel Universitetinin sosial və təbiət elmləri professoru Nikolas Kristakis qeyd edir, – və bu o deməkdir ki, başqa insanların başına gələn hadisələrin dalğaları şəbəkə üzrə yayılaraq bizə çatır. Burada bizim həmin insanlarla tanış olub-olmamağımız rol oynamır, başqalarının sağlamlığı bizim sağlamlığımızı müəyyən edir”.
Bu necə işləyir? Məsələn, bacınızın dostu artıq çəkidən əziyyət çəkirsə, gələcəkdə bu amil sizin atıq çəkidən əziyyət çəkib-çəkməməyinizə təsir göstərə bilər. Bunu sübut edən tədqiqatlar var.
Sağlamlığın proqramlaşdırılması
Ətrafımızdakı insanlarla qurduğumuz münasibətlərin keyfiyyəti bizim psixoloji və fiziki sağlamlığımızı proqramlaşdırır. Sosial orqanizmin ayrı-ayrı hissələri arasındakı əlaqələrin pozulması, fərdlər səviyyəsində xəstəliklərə yol açır.
Bu ilk dəfə 1964-cü ildə JAMA jurnalında təsvir edilmişdir. ABŞ-ın Pensilvaniya ştatının Rozeto şəhərində 1961-ci ildə yerli doktor ilə Oklahoma Universitetinin tibb fakültəsinin dekanı olan Stuart Vulf ilə görüşü oldu. Doktor təcrübəsində ürək-damar xəstəliyinə tutulmuş xəstələrin 65 yaşdan cavan olmadığını söylədi. Bu müşahidə ölkədə baş verən hadisələrə zidd idi – o dövrdə infarkt ABŞ-da epidemiya halına çevrilmişdir.
Bu fakt Vulf üçün maraqlı gəldi və Rozeto şəhərinin sakinləri müayinədən keçirildi, həkimlərin və şəcərələrin qeydləri araşdırıldı, ölüm haqqında şəhadətnamələr nəzərdən keçirildi. Nəticələr qeyri-adi oldu: 55 yaşdan cavan olan şəxslərin ölüm səbəbi infarkt və ya hər hansısa digər ürək xəstəliyi olmayıb. 65 yaşdan yuxarı olan insanlar arasında isə ürək-damar xəstəliyindən əziyyət çəkənlərin payı 50% təşkil edirdi.
Əslində, Rozeto şəhərinin sakinləri sağlam həyat tərzi ilə çox da maraqlanmırdılar: onlar yemək bişirərkən donuz piyindən istifadə etməyi xoşlayırlar, il boyu peçenye və şirniyyat yeyirlər. Çoxları siqaret çəkir və heç vaxt idmanla məşğul olmur. Məsələ şəhərin sosial strukturunda imiş – onlar daim bir-birinə qonaq gedir, birlikdə yemək hazırlayır və çoxlu ünsiyyət edirlər. Bir evdə üç nəsil yaşayır və hər kəs böyüklərə hörmətlə yanaşır. Əhalisi cəmi 2 min nəfər olan şəhərdə 22 ictimai təşkilat var. Burada varlılar var-dövlətlərini hamıya nümayiş etdirməyə çalışmır, insanlar bir-birinə çətinliklərin öhdəsindən gəlməyə kömək edirlər.
Ünsiyyətcil olmayan insanlar onkoloji xəstəliklərdən əziyyət çəkirlər
2010-cu ildə məlum oldu ki, güclü sosial əlaqələr erkən ölüm riskini 50% azaldır. Bu məlumat Brigam-Yang Universitetinin psixologiya və nevrologiya professoru Julian Holt-Lunstadın rəhbərliyi altında aparılan meta-analizə əsaslanır. Meta-analizdə 148 tədqiqat və 300 mindən çox insanın məlumatları nəzərə alınıb.
2015-ci ildə eyni qrup Şimali Amerika, Avropa, Asiya və Avstraliyadan 3,4 milyondan çox insanın iştirak etdiyi yetmiş elmi sənədin ikinci meta-analizini apardı. Tədqiqat sosial kənarlaşmanın, təkliyin və ya ailəsi və dostları olmadan yaşamağın vaxtından əvvəl ölüm hallarına təsirini qiymətləndirdi. İnsanların ailə vəziyyəti, sosial şəbəkənin ölçüsü və orada iştirak dərinliyi kimi amillər də nəzərə alınırdı. Nəticə: hər üç faktor eyni dərəcədə əhəmiyyətli oldu, onların təsir gücünün isə artıq çəki amilinin təsirini 2-3 qat artıq olduğu ortaya çıxdı.
Daha bir rəqəm: sosial həyatdan təcrid olunmuş qadınların xərçəng xəstəliyindən ölmək riski iki dəfə çoxdur. Bu, Kaliforniya Universitetinin tədqiqatının nəticəsidir.
Tənha olduqları üçün kökdürlər, əksinə yox
2000-ci illərin ortalarında Amerikanın Medicare sığorta sistemi pəhrizlərin effektivliyini yoxlamaq qərarına gəldi. Tədqiqat Treysi Mann tərəfindən Los-Ancelesdəki Kaliforniya Universiteti tərəfindən aparılmışdır. Nəticə: pəhrizlər uzunmüddətli təsirə malik deyillər, bir çox hallarda bu göstərici hətta sıfıra bərabərdir!
İnsanların əksəriyyəti bir müddət keçəndən sonra əvvəlki çəkiyə qayıdır (bəzən aldıqları çəki daha çox olur). Treysi və onun komandası “Diyetoloqlara pul xərcləməyə dəyərmi?” sualının cavabını tapmağa çalışırdı.
Məlum oldu ki, insanların artıq çəki almalarının əsas səbəbi tənhalıqdır.
Yalnızlıq problemi ilə məşğul olan Nazirlik nə edir?
Keçən il ABŞ-ın şəhərciyində tibbi sığorta çərçivəsində Health Connection Meeting proqramı işə salınmışdır. İndi həkimlər bu və ya digər xroniki xəstəlikdən əziyyət çəkən insanlara “dostluq səviyyəsini yaxşılaşdırmağı” tövsiyə edərək aptekə yox, health-connectors-ların yanına göndərirlər. Health-connectors – insana (xəstəyə) bu və ya digər cəmiyyətə qatılmağa kömək edən könüllülərdir. Seçim fərqli ola bilər – rəqs, elm, hand-made və s.
Bu metod İngiltərədə də tətbiq olunmağa başlayıb. 2018-ci ildə ölkənin baş naziri “tənhalıq üzrə nazir” vəzifəsini yaradaraq “Tənhaların cəlb olunması strategiyası” proqramını işə saldı.
Smartfondan asılılıq
Bu mənzərə hər birimizə tanış gələcək – restoranda oturan hər kəs telefonu əlinə alıb nəyəsə baxır, heç kim bir-biri ilə danışmır. Bir tərəfdən, Facebook və Instagram baryerləri aradan qaldırır, digər tərəfdən – təcridçilik daha da güclənir. İnsanlar bir-birinə bağlı olsalar da, empatiya mübadiləsi yoxdur.
Nəticədə, ilk baxışdan dostlarınızın sayı çox ola bilər, amma siz heç kimə güvənə bilmirsiniz.
Belə bir problemlə mübarizə aparmaq üçün “Açıq dialoq” qrupu yaradılmışdır. Burada insanlar real vaxt rejimində bir-biri ilə ünsiyyət qururlar, duyğularını bölüşürlər. Sonda ünsiyyət yaxınlıq əlaqələrinə gətirib çıxarır. 2015-ci ildə “Açıq dialoq” qrupundakı rəhbərlərin sayı 4 mindən çox olub. Bu metodika öz bəhrəsini verdi: komanda işi daha sabit oldu, sürət və dəqiqlik artdı. İştirakçılar həmçinin ailədaxili münasibətlərin yaxşılaşmasını qeyd ediblər.
© Banker.az