Terafab — Maskın yeni meqa-mərci. Layihədə problem nədir?

The Wall Street Journal yazır ki, İlon Maskın layihələri iki düşərgəyə bölünür: Tesla və SpaceX kimi bəziləri heyrətamiz dərəcədə uğurlu olub, digərləri isə, The Boring Company və Neuralink kimi, verdiyi böyük vədləri heç vaxt doğrultmayıb. Onun yeni ideyası  Terafab adlı vertikal inteqrasiya olunmuş yarımkeçirici nəhəngi  ən azı yaxın perspektivdə ikinci düşərgəyə düşə bilər.

Plan üzrə kütləvi istehsal gələn il başlamalıdır. İlkin mərhələdə aylıq 100 min silikon lövhə istehsalı nəzərdə tutulur, perspektivdə isə bu göstərici ayda 1 milyona çatdırılmalıdır. Müqayisə üçün, dünyanın ən böyük çip istehsalçısı olan TSMC-nin bir neçə flaqman fabriki ayda təxminən 100 min lövhə istehsal edir. New Street Research-in hesablamasına görə, 1 milyon lövhə TSMC-nin ümumi aylıq istehsalının təxminən 70%-nə bərabərdir.

Mask iddia edir ki, bu həcm onun şirkətləri üçün lazımdır: çiplər Tesla elektromobillərində, humanoid robotlarda və orbitdə yerləşən data mərkəzlərində istifadə olunacaq.

Əsas problem vaxtdır. Çərşənbə günü analitiklərlə keçirilən zəngdə Mask aydın şəkildə bildirib ki, proses mərhələli olacaq: əvvəlcə Tesla ayda “bir neçə min lövhə” istehsal gücünə malik tədqiqat zavodu tikəcək. Bu zavodun dəyəri 3 milyard dollar olacaq ki, bu da sənaye standartları ilə çox kiçik həcmdir. O, bunu “ideyaları sınamaq üçün” etdiklərini izah edib.

Rəqiblər isə layihəni hələ ciddi qəbul etmirlər. TSMC-nin baş direktoru Si Si Vey Terafab-la bağlı suala cavab verərkən bildirib: “Yeni fabrikin tikintisi 2–3 il çəkir, burada heç bir qısayol olmur. Daha sonra layihə gücünə çıxmaq üçün əlavə 1–2 il lazımdır”. Onun sözlərinə görə, işə düşən vaxta qədər texnologiyalar köhnələ bilər, rəqiblər isə irəli keçmiş olar.

Maskın layihəsinin qarşısında başqa, bəlkə də daha ciddi çağırışlar da var. Terafab sıfırdan başlayaraq dünyanın ən qabaqcıl çiplərindən bəzilərini istehsal etmək istəyir. Bu fərqi aradan qaldırmaq üçün Mask Intel-in ən müasir istehsal texnologiyası olan 14A-dan istifadə etməyi planlaşdırır. Halbuki Intel özü bu texnologiya üzrə kütləvi istehsalın bir neçə ildən tez başlamasını gözləmir. Keçən həftə bu xəbərin fonunda Intel səhmləri bahalaşsa da, şirkət son on ildə öz istehsal planlarından dəfələrlə geri qalıb. Bu isə o deməkdir ki, Terafab-da da gecikmələr və xərclər asanlıqla arta bilər.

Vertikal inteqrasiyanın öz məntiqi var: müəyyən bir məhsulun istehsalına nə qədər çox avadanlıq yönəldilirsə, onu bir o qədər sürətli və ucuz istehsal etmək mümkündür.

Amma yarımkeçirici sənayesinin son onilliklərdə niyə parçalanma yolunu seçdiyini göstərən səbəblər də var. Bu sahə ya çip hazırlayan, ya da onları istehsal edən şirkətlərə bölünüb. Intel-in təcrübəsi göstərdi ki, çipləri yalnız öz ehtiyacların üçün istehsal etmək o halda məntiqlidir ki, həm fabriklərin, həm də texnologiyaların dünyanın ən qabaqcılları sırasında olsun. Əgər belə deyilsə, rəqiblər TSMC kimi müqaviləli istehsalçılardan daha inkişaf etmiş həllər sifariş edə bilərlər.

Əgər Terafab-ın çipləri TSMC-dən bir neçə nəsil geri qalarsa, Tesla texnoloji geriləmə ilə üzləşə bilər.

Terafab-ın perspektivləri real görünməsə də, İlon Maskın maliyyə imkanları və əvvəlki uğurları layihəni tamamilə gözdən çıxarmağa imkan vermir. Görünən odur ki, o, bu işə ciddi yanaşır: fəal şəkildə kadr toplayır və çip istehsalı sahəsində tərəfdaşlar cəlb edir.

Qısamüddətli perspektivdə layihənin azsaylı açıq benefisiarları yarımkeçirici sənayesi üçün avadanlıq istehsalçıları ola bilər. Xüsusilə Lam Research və Applied Materials layihə işə düşdükcə bundan fayda götürə bilər. Tesla və Intel-ə uzunmüddətli yatırım edən investorlar üçün isə layihənin nəticəsi hələ də qeyri-müəyyən olaraq qalır.

Son xəbərlər
Digər xəbərlər