13 C
Baku
Friday, April 19, 2024

“Tesla” $357 000 əmək haqqı alacaq işçi tapa bilmir

Elektrikli avtomobil istehsalçısı “Tesla” Almaniyada tikilməkdə olan zavoduna işçi tapa bilmir. 2021-ci ildə istehsala başlamaq planlarına baxmayaraq, ən yüksək səviyyəli rəhbər vəzifələr hələ də boşdur.

Qeyd edək ki, şirkətin Berlin yaxınlığındakı Qrünhayd şəhərində “Tesla” zavodunun inşası əvvəldən etirazlarla müşayiət olunub: yerli sakinlər genişmiqyaslı istehsalın ətraf mühitə zərər verəcəyinə qarşı çıxıb. Lakin alman hökumətinin milyardlarla dollarlıq sərmayə və “yaşıl” aktivistlərlə aparılan müzakirələr öz işini görüb: inşaat yerindəki meşə kəsilib, zavod isə artıq işə başlamağa hazırdır.

Bu, şirkətin Avropadakı ikinci zavodudur – birincisi Niderlandda yerləşir, “Tesla Model S” avtomobilləri məhz orada yığılır. Eyni zamanda, Avropa üçün Almaniyada inşa edilmiş “Tesla Gigafactory” elektrikli mühərrikli avtomobillər istehsal edən ilk tamhüquqlu zavoddur.

Tam açılışa çox az vaxt qalıb, lakin elektrikli avtomobillər üçün batareyaların istehsalı ilə bağlı 350 vakansiyadan çoxu hələ də boşdur. İllik əmək haqqı $148 000 – $238 000 arasında dəyişsə də, bu, namizədləri cəlb etmir. Verilən məlumata görə, birbaşa CEO İlon Mask ilə əlaqəli olan “25 guys” mühəndis qrupundakı nüfuzlu vəzifələr hələ də boşdur.

İşə qəbula məsul olan İnes Torenin izah etdiyi kimi, Mask şirkətinin xaricdə yüksəlməsinə baxmayaraq, Almaniyanın əmək bazarında yeni iştirakçı olduğu üçün “Tesla”nın vakansiyalarına çox az namizəd müraciət edir. Məsələn, hal-hazırda bonuslardan başqa ildə 357 000 əmək haqqı alacaq 15 illik iş təcrübəsi olan rəhbər vəzifəsi axtarılır.

Avropa bazarındakı digər bir problem ixtisaslaşmış mütəxəssis çatışmazlığıdır. Almaniyada batareyalar üzrə mütəxəssislər yoxdur, çünki bu günə qədər işçi qüvvəsi əsasən Asiya ölkələrindən cəlb edilib.

“Almaniyada litium-ion batareyalar istehsalı üçün çətin ki, kimsə tapsınlar”, – deyə Almaniyada karyera məsləhətçiləri birliyi olan QRC nümayəndəsi Jorq Speykamp söyləyib. Bununla yanaşı onun fikrincə, getdikcə rəqabət daha da sərtləşəcək. Belə ki, paralel olaraq “Volkswagen” və “Opel” də Almaniyada akkumulyator istehsalı zavodlarını inşa edəcək.

Son xəbərlər
Digər xəbərlər