“Tesla”nın törəmə şirkəti ABŞ-ın Texas ştatında 20 min evi enerji ilə təmin edə biləcək nəhəng akkumulyator inşa edəcək.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Xatırladaq ki, İlon Maskın “SpaceX” kosmik şirkətinin bazası Texasda yeni şəhər salmağı planlaşdırır.
Bildirildiyi kimi, tikinti işlərini “Gambit Energy Storage” aparacaq. “Bloomberg”in təqdim etdiyi sənədlərə əsasən, şirkət “Tesla”nın ofisinin yerləşdiyi Kaliforniyada eyni ünvanda qeydiyyatdan keçib.
Mütəxəssislərin fikrincə, nəhəng akkumulyatorlar günəş lövhələri və ya külək enerjisinin generatorları tərəfindən istehsal olunan enerjini saxlamağa kömək edəcək. Eyni zamanda, onlar vasitəsilə pul qazanmaq mümkün olacaq – tariflərin aşağı olduğu müddətdə enerjini toplamaq, yüksək olanda isə satmaq.
Qeyd edək ki, bu, “Tesla”nın ABŞ-ın energetika iqtisadiyyatının mərkəzinə ilk müdaxiləsidir. Fevral ayında Texas qar fırtınası səbəbindən elektrik enerjisinin kəsilməsi problemi ilə üzləşib. Bir tərəfdən, elektrik ötürücü şəbəkələrə ziyan dəyib, digər tərəfdən də evlərini enerji generatorları vasitəsilə qızdırmağa çalışan insanların enerji istehlakı xeyli artıb.
Texas “Tesla” və onun baş direktoru İlon Mask üçün ən vacib ştatlardan biridir. Orada “SpaceX”in kosmodromu yerləşir. Üstəlik, İlon Mask burada yeni şəhər salmağı planlaşdırır.