6 C
Baku
Saturday, December 14, 2024

Tovuzlu fermer istixana şəraitində becərdiyi limonun biznesini qurub

Tovuzun Alakol kəndində fermer limon istixanası təsərrüfatı yaradıb. Bu sahədə artıq 20 ilə yaxındır ki, təcrübə qazanan Sahib Qasımov limon kollarını özü calaq edərək tinglər də yetişdirir.

Alakol kəndində yaşayan Sahib Qasımov illər öncə dostunun cənub bölgəsindən ona göndərdiyi limon tingini çoxaldaraq indi böyük istixana təsərrüfatı yaradıb. Həyətyanı sahəsində meyvəçiliklə də məşğul olan fermer limonlara xüsusi qayğı göstərir.

“Limonları əkdim, nəticəsi gözlədiyimdən də yaxşı oldu. Sonra bu sahənin biznesini qurdum. Artıq 20 ildir ki, bu işlə məşğulam. Cır tinglərdən calaq etməyin üsullarını kitablardan oxudum və tətbiq etdim. Limon ağacının inkişafı üçün onun əkildiyi ərazidə subtropik şərait yaratmaq lazımdır. Belə olduqda bol məhsul götürmək olar”, – deyə fermer S.Qasımov bildirib.

Şaxtalı günlər yaxınlaşanda istixanaya ikiqat örtük çəkən fermer deyir ki, əgər havalar çox soyuyarsa, limon ağacını şaxtadan qorumaq üçün içəridə soba da quraşdıracaq. Yazda isə kimyəvi mübarizə aparılmalıdır.

S.Qasımov isti aylarda bu sitrus ağacına bol su verilməli olduğunu vurğulayır. Üzvi gübrələrlə qulluq edilərsə, limon sağlam və məhsuldar olur: “Limon ağacının üstündəki meyvələr havanın temperaturu mənfi 3 dərəcəyədək dözümlü olur. Ağacın özü isə şaxtadan qorunmadığı halda mənfi 7 dərəcədə zədələnir. Ona görə də limonu soyuqdan qorumaq əsas şərtlərdən biridir. Demək olar ki, bu bitkiyə ilin bütün fəslində qulluq göstərilməlidir”.

Fermer, həmçinin calaq vurmaqda digərlərinə də kömək edir. Satışa gəldikdə, S.Qasımov deyir ki, limon biznesi olduqca gəlirlidir. Hazırkı bazar qiymətləri də onu qane edir.

Mayda çiçəkləyib payızda məhsul gətirsə də, istixana şəraitində olduğundan ilin dörd fəslində burada limon yığılır.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər