Azərbaycana idxal edilən toyuq və yumurta üçün yüksək gömrük idxal rüsumlarının müəyyənləşdirilməsi daxili istehsalın artmasına hesablanıb.
APA-nın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, bu gün hər bir istehlakçı kənd təsərrüfatı və yeyinti sayəsində Azərbaycanda istehsal olunan daha təzə məhsullara üstünlük verir: “Artıq Azərbaycanın dempinq qiymətləri ilə gətirilən məhsullar ölkədə istehsal olunan məhsullarla rəqabətdə olacaq, həmçinin Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda istehsal olunan məhsulların inkişafına da daha böyük önəm verəcəyik”.
O bildirib ki, idxal olunan bəzi mallar üzrə gömrük rüsumunun artırılması Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirəcək: “Bu gün ölkədə qeyri-neft istehsalına xüsusi yer verilir. Gömrük rüsumlarının artırılması ilə yerli istehsalın və ölkədə fəaliyyət göstərən istehsal müəssisələrinin daha da genişlənməsi və daha geniş çeşiddə məhsulların istehsal olunmasını görəcəyik”.
Bu qərarın təşəbbüskarlarından birinin Dövlət Gömrük Komitəsi olduğunu vurğulayan A. Əliyev deyib ki, komitə xam dəri üçün də yüksək gömrük idxal rüsumlarının müəyyənləşdirilməsi təklifi ilə çıxış edib: “Son illər Azərbaycanda müasir dəri istehsalı müəssisələri yaradılıb. Ümid edirik ki, bu qərar da yaxın günlərdə qəbul olunacaq”.