ABŞ Prezidenti Donald Tramp İranda gedən müharibə zamanı neft qiymətlərinin kəskin artması fonunda mənfəətlərini sürətlə artıran ExxonMobil Holdings və Chevron şirkətlərini tənqid edib. Bu barədə Bloomberg yazır.
Tramp ABŞ-nin ən böyük neft şirkətlərinin “həddindən artıq çox pul qazandığını” bildirib və onları “bu vəsaitin bir hissəsini əhaliyə qaytarmağa”, həmçinin benzinin pərakəndə satış qiymətlərini azaltmağa çağırıb.
“Bu, mənim xoşuma gəlmir. Bunu deyəcək sonuncu adam mən olmalıydım, çünki mən azad sahibkarlığın böyük tərəfdarıyam və bu məsələdə heç kim mənimlə müqayisə oluna bilməz. Bunu deməyim sizi təəccübləndirir? Mən bunu ucadan və aydın şəkildə deyəcəyəm. Bu, mənim xoşuma gəlmir”, deyə prezident jurnalistlərə bildirib.
Enerji bazarında baş verən qlobal sarsıntılar fonunda ExxonMobil və Chevron ikinci rübdə xalis mənfəətlərini iki dəfədən çox artırıblar. Lakin bu nəhəng şirkətlər əldə etdikləri vəsaiti yeni investisiyalara yönəltmək əvəzinə, borclarını azaltmaq üçün istifadə ediblər.







