ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların dünyada koronavirusun yayılmasında iştirakı haqqında xəbəri yalan adlandırıb.
Bu barədə “Nationalreview” bildirib.
“Bizim hərbçilərimiz heç kəsə koronavirus yoluxdurmayıb”, – deyə Birləşmiş Ştatların rəhbəri qeyd edib.
Tramp vurğulayıb ki, yeni virus Çindən yayılmağa başlayıb.
Martın 12-də Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan ehtimal edib ki, ölkə ərazisinə COVID-19-u ABŞ hərbçiləri gətiriblər. Diplomat Vaşinqtonu ABŞ-da əvvəllər də güman olunan koronavirusdan ölüm hallarının qeydə alındığını açıqlayan araşdırmaların şərhlərini aydınlaşdırmağa çağırıb.
Bundan başqa, İran siyasətçiləri də iddia edirlər ki, COVID-19 ABŞ-ın “uşağı”dır. Onların dediklərinə görə, koronavirus yeni bioloji silahdır.
ABŞ-ın dövlət katibi Mayk Pompeo buna cavabında rəsmi Tehranı yalan məlumat yaymaqda ittiham edib.
Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 105 nəfərə çatıb. Ölkədə virusa 6 233 yoluxma halı qeydə alınıb, 17 nəfər sağalıb.
©Report