Yaponiyanın Osaka şəhərində keçirilən G 20 ölkələrinin liderlərinin sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
Öncə D. Tramp media mənsublarının suallarını cavablandırarkən bildirib ki, Barak Obama hakimiyyəti dövründə Türkiyənin ehtiyacı olan “Patriot”ları almasına izn verilmədi, əngəl yaradıldı. Bu səbəbdən də Türkiyə başqa sistem almaq məcburiyyətində qalıb: “Dostluq əlaqələrimizin olduğu bir ölkəyə ədalətli davranılması lazımdır. Ortada çətin bir vəziyyət yaranıb. “S-400” sistemiylə bağlı ikitərəfli danışıqlarımız olacaq, bu problemin həlli yollarını arayırıq. Son zamanlar daha çox yaxınlıq duyduğum Ərdoğanla görüşdən qürur duyuram. Bu ölkəylə bizim ticarət əlaqələrimiz genişlənəcək, ticarət həcminin 100 milyard dolların üzərində olması lazımdır”.
Rəcəb Tayyib Ərdoğan isə ABŞ-la ortaq strateji əməkdaşlıq məsələsinin önəmini vurğulayıb və bir çox sahələrdə bu əməkdaşlığın davam etməsi istiqamətində danışıqların olacağını bildirib: “Müdafiə sənayesi ilə əlaqədar investisiya qoyuluşu davam edəcək. Amma hazırda ən önəmlisi bizim ABŞ-la strateji ortaqlığımız var. Gələcəkdə bu ortaqlığın inkişaf edəcəyinə tam inanıram”.
ABŞ prezidenti Türkiyəyə səfər edəcəyini, amma tarixin hələ dəqiqləşdirilmədiyini bildirib.
Qeyd edək ki, iki lider arasında görüş 40 dəqiqə şəkib.
Görüşün detalları haqqında mətbuata açıqlama veriləcək.
Görüşün ardınca Ağ Ev tərəfindən də Tramp-Ərdoğan görüşü ilə bağlı açıqlama yayılıb. Qısa açıqlamada iki ölkənin liderinin görüşü qiymətləndirilib. Bildirilib ki, Tramp-Ərdoğan görüşündə ABŞ-la Türkiyənin maraqlarını ifadə edən bir çox mövzular müzakirə olunub. Xüsusilə ticarət əlaqələri ilə bağlı danışıqlarda hər iki ölkə başçısının razılıq əldə etdiyi qeyd olunub.
Açıqlamada həmçinin D. Trampın “S-400” mövzusuna dair narahatlığının olduğu da vurğulanıb.
Açıqlamada daha sonra qeyd olunub ki, Ağ Ev tərəfindən ABŞ və Türkiyənin NATO-ya uyumlu müdafiə sistemi ilə bağlı birgə çalışması arzu edilir.
©Azərbaycan24