ABŞ prezidenti Donald Tramp, cümə axşamı günü Suriyanın şimal-şərqindəki vəziyyəti şərh edərək, Türkiyəni və kürdləri iki uşaq ilə müqayisə edib.
Banker.az xəbər verir ki, “Bəzən onlara dalaşmaq üçün vaxt vermək lazımdır, sonra insanlar hərbi əməliyyatlarının nə qədər qəddar olduğunu başa düşməyə başlayırlar. Türkiyə və kürdlər iki uşağa bənzəyirlər: birinci onlara dalaşmaq üçün vaxt verirsən, sonra isə bir-birindən ayırırsan”, – deyə Texasdakı tərəfdarları qarşısında çıxış edən Tramp qeyd edir.
“Onlar cəmi bir neçə gün vuruşdular, bu olduqca şiddətli idi. Kürdlər bizim dostlarımızdır, Türkiyə də bizim dostumuzdur, amma onlar vuruşurdular. Onlar razılığa gələ bilmirdilər. Biz oraya getdik və fasilə istədiyimizi söylədik”, – prezident əlavə edir.
Xatırladaq ki, cümə axşamı günü Ankarada ABŞ-ın vitse-prezidenti Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilmişdi. Danışıqların nəticəsi olaraq, Türkiyə Suriyadakı hərbi əməliyyatlarını 120 saata təxirə salınmasına razı olduğunu bildirib.